Peşəkar saç ustası Talıbov Əjdər MÜSAHİBƏ

MÜSAHİBƏ

24 Yanvar 2022 00:00

Oxunma sayi: 2445
Peşəkar saç ustası Talıbov Əjdər   MÜSAHİBƏ

- Salam. Özünüz haqqında qısa nə deyə bilərsiz?

- Salam. Mən Talıbov Əjdər. “Mr.Taliboff” brend ilə artıq 27 ildir ki, peşəkar kişi bərbəri kimi fəaliyyət göstərirəm. Öz işimin vurğunuyam və günümün əsas hissəsini işimə həsr edirəm, bundan da zövq alıram. 

- Uşaqlıqda hansı peşənin sahibi olmağı arzulamısınız?

- Mən, ümumiyyətlə, incəsənətə meyilli adamam və bunu gənc yaşlarımda hiss etmişəm.  Rəssamlıq, yaradıcılıqla elə uşaq yaşlarımdan məşğul olmağa başlamışam. Amma saç kəsmək mənə daha maraqlı gəldiyi üçün bərbərlik sənətinə üstünlük verdim və bu sahəyə peşəkar yanaşmağa başladım.


- Bu peşə ilə ilk dəfə məşğul olmağa necə başladınız?

- Dediyim kimi, bərbər sənəti mənə maraqlı gəlirdi və bunun tətbiqi estetik sənət növü olması ilə yanaşı, müxtəlif çətin elementlərdən ibarət olduğunu anlayırdım. O vaxtdan da özümü bu sənətə həsr etmək qərarına gəldim. İlk olaraq təmənnasız olaraq sinif yoldaşlarımın saçlarını kəsməyə başladım ki, bu da mənim bərbər peşəsinin sirlərini yiyənməyə cığır açdı. Qeyd edim ki, rəssamlıqla da məşğul olurdum, bu sahədə müəyyən qabiliyyətim var. Ona görə də bərbər ixtisasına tez bir müddətdə peşəkarcasına yiyələnməkdə incəsənətyönümlü potensialımın mənə kömək olduğunu düşünürəm.

- Ölkənin bir çox tanınmış vəzifəli şəxslərinin saçlarını düzəltməyinizin, sirr də olsa, bizə səs-sorağı çatıb. Sizcə, onlar niyə Sizə müraciət edirlər?

- Düşünürəm ki, bərbər kimi məni seçməklərində əsas səbəb onların öz işlərinə peşəkar yanaşmalarından irəli gəlir. Məncə, müştərilərimin uğur qazanmış, nüfuzlu şəxslərdən olması heç də təsadüfi deyil və həyatda, eləcə də karyerada uğur qazanmaq üçün peşəkarlarla addımlamalısan. Elə bu səbəbdən, təvazökarlıqdan uzaq da olsa, onların öz saçlarını mənim kimi peşəkara etibar etmələri normal haldır. 

            - Dəbdə olan, yoxsa müştəriyə yaraşan?

- Bilirsiniz, mənə görə müştərilər iki növə bölünür: Birincisi hər zaman dəblə ayağlaşmağa can atan, ikicisi isə rahatlığı sevən müştərilər, başqa sözlə, böyük vaxt itirmədən saçlarını yuyub işə yollananlar. Bu növ muştərilər daha çox səliqəli düzümdə olan qısa saçlara üstünlük verənlərdir. Müştərilərimə kəsdirmək istədikləri və sonda əldə edəcəkləri saç düzümlərinin onlara yaraşıb-yaraşmayacaqlarını əvvəlcədən bildirirəm, çünki eyni saç düzümü müxtəlif adamlarda fərqli görünür. Bir insan dəyirmi üzə, digəri uzunsov üzə malikdir. Burada hətta yaş və boy amilləri, saçın seyrəklik dərəcəsi və mən hətta deyərdim ki, insanın gündəlik həyat tərzi, yaşam modeli də öz rolunu oynayır. Başqa sözlə, eyni saç düzümü müxtəlif insanlarda, zatən, fərqli görünür və fərqli vizual təəssürat yaradır.

- Bu gün təklif gəlsə ki, Sizə aylıq qazancınızın eyni məbləğini ödəyirik, amma bərbər yox, münasib bir dövlət işində, öz kabinetinizdə oturub tam rəsmi şəkildə fəaliyyət göstərcəksiniz, razılaşardınızmı?

- Fərqli peşəyə aid istənilən iş təklifinə qazanc məbləğindən asılı olmayaraq mən “yox” deyərdim. Bu sənətin vurğunu olduğum üçün ondan nə vaxtsa ayrılacağımı düşünmürəm. Belə demək mümkündürsə, sağlamlığım imkan verənədək sevdiyim peşə ilə məşğul olacağımı zənn edirəm. Əlbəttə, Yaradanımızın izni ilə.

- Bərbər kimi bəylərə özlərinə qulluq üçün nə tövsiyə edərdiniz?

- Aktual sualdır. Nəinki bərbər kimi, həm də kişi cinsinin nümayəndəsi kimi bəylərə məsləhətim bu olardı ki, ilk növbədə, saç daim təmiz qalsın, yağlanmasın. Hərgah saça hər hansı bir maddə – lak, gel, mus və s. vurulubsa, gecə yatmazdan əvvəl o saç mütləq yuyulub qurudulmalıdır. Çünki qurudulmadığı halda saç əzilib qırıla bilər. Ayda, ən azı, iki dəfə saçlar kəsilməli, uc hissələri yenilənməlidir. 

- Bir kişi, Sizcə, maksimum nə qədər baxımlı olmalıdı? 

- Yetərincə… Özünü bəyənənədək.

- Uğur Sizin üçün nədir?


            - Pafoslu çıxmasın, amma hər bir müştərimin işimdən məmnun qalması mənim üçün artıq uğurdur. Düzü, ağlıma başqa şey də gəlmir.

- Bu uğur yolunda ən çox kimin məsləhətlərindən yararlanmısınız?


            - Cavablandırmağa çətinlik çəkirəm. Deməzdim ki, mən kiminsə konkret məsləhətləri ilə uğur qazanmağa başlamışam. Yəqin ki, bu işdə həyata baxışlarım, daim öyrənmək həvəsim, dəbin nəbzini tutmaq bacarığım mənə yardımçı olub, uğurlarım üçün şərait yaradıb.

- Bu il aldığınız ən xoş xəbər nə olub?

- Xoş xəbərlər çox olub, amma ən xoş olanı Azərbaycan Respubilkasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə keyfiyyətə təminat” layihəsi çərcivəsində beynəlxalq diploma layiq görülməyim oldu. Bu məni çox sevindirdi.   

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!