Rüstəm Muradov geri çağrıldı... Nə olsun?

SİYASƏT

16 Dekabr 2020 21:15

Oxunma sayi: 676
Rüstəm Muradov geri çağrıldı...     Nə olsun?

Bu gün Azərbaycan elektron KİV-lərin manşetini bir çağırış bəzədi: “Rusiya sülhməramlıların komandanı Rüstəm Muradov geri çağrılsın…”. Yazını mən də oxudum. Oxuyandan sonra da xeyli pəjmürdə oldum. Sən demə, Rüstəm Muradovun torbasını tikmək istəyən Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə imiş.

Hörmətli siyasətçi-politoloqumuz deyir ki, “Sülhməramlılar prosesdə neytral mövqe tutmalıdır. Görünən isə odur ki, Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradovun fəaliyyəti antiazərbaycan mahiyyətlidir. Təəssüf ki, bu hal özünü açıq-aydın göstərir”. Bu fikirləri  deyəndən sonra hörmətli siyasətçi-politoloqumuz əsəbi şəkildə bəyan edir: “Məsələ ilə bağlı Bakı Moskvaya müraciət etməli, xatırlatmalıdır ki, sülhməramlılar qanundankənar əməllərə getməsinlər. Onlar qanundankənar əməllərini davam etdirəcəyi təqdirdə Azərbaycan həmin missiyanı qəbul etməyəcəyini elan etməlidir”. Ay bərəkallah. Lap diplomat kimi danışır. Afərin, eloğlumuza!

İndi deyəcəksiniz ki, burda pis nə var ki? Əlbəttə ki, var.

Birincisi, Məhəmməd Əsədullazadə Ağobba, Balaqardaş, Fatmanisə kimi sıradan bir adam deyil. Ən azından o boydana partiyanın sədr müavinidir. Və bu boydana sədr müavini başa düşmür ki, Rüstəm Muradov getsə, yerinə gələ Medvedyev və ya Petuxov ondan heç nə ilə fərqlənməyəcək. Çünki onlar əmr quludur. Moskva nə deyir, Muradov və digərləri onu edir. Bunu gərək hörmətli siyasətçi-politoloqumuz bilmiş olaydı. Bilmirsə, qoy öyrənsin.

İkincisi, Məhəmməd Əsədullayev fikirlərini təklif kimi deyil, ultimativ tonda deyir. Fikir verin: “Məsələ ilə bağlı Bakı Moskvaya müraciət etməli, xatırlatmalıdır ki, sülhməramlılar qanundankənar əməllərə getməsinlər. Onlar qanundankənar əməllərini davam etdirəcəyi təqdirdə Azərbaycan həmin missiyanı qəbul etməyəcəyini elan etməlidir”.  Fikirlərdəki təkəbbürlüyə və iddiaya fikir verdiniz? Bu yerdə dözməyib (əsəbiləşmədən) soruşuram: Niyə hər şeyi rəsmi Bakı etməlidir? Bəs bu qədər siyasi partiyalar, QHT-lər nə ilə məşğuldur?

Üçüncüsü, politoloq təkcə danışmır, iş də görür. Ona görə də yaxşı olardı ki, Məhəmməd bəy dediyi o gəlişi gözəl sözləri qəşəng müraciət formasına salıb Rusiya Federasiyası Prezidentinin və yaxud Rusiya Müdafiə Nazirliyinin elektron ünvanına göndərəydi. Ondan sonra da bu barədə mətbuata açıqlama verəydi. Onda deyərdim ki, halaldı sənə eloğlu!

Yoxsa hər xırda məsələnin həllini dövlətdən tələb etmək nə qədər ədalətlidir? Niyə hər şeyi dövlət başçısı etməlidir? Axı elə siyasi incəliklər var ki, onu məhz Milli Cəbhə və yaxud digər partiyalar etməlidir. Əslində bu həmin partiyaların birbaşa vəzifə səlahiyyətlərinə aiddir. Bəs elə isə yağışdan sonra çıxan göbələk kimi Azərbaycan cəmiyyətini “bəzəyən” 60-dan çox siyasi partiya və dövləti əmən onlarla QHT nə ilə məşğuldur?

Deməli, Məhəmməd Əsədullazadə və onun kimilərin istəyi dövlətə və dövlətçiliyə dəstək vermək yox, siyasi gündəm yaratmaq, üzdə olmaqdır.

Yeri gəlmişkən, bir məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm. Son günlər politoloqlarımızın, analitiklərimizin, ekspertlərimizin sayı o qədər çoxalıb ki, bilmirsən hansına inanasan. Bu çoxalmanın isə səbəbi bəllidir. Çünki son parlament seçkilərində 3-4 ekspert deputat mandatı qazandı. Ona görə də hamı politoloq, ekspert olmaq istəyir. İstəsinlər.. Bir söz demirəm. Ancaq özünü Məhəmməd bəy kimi politoloq hesab edənlər dedikləri sözün məsuliyyətini və çəkisini başa düşməlidirlər. Çünki onun son fikirləri təklifdən daha çox Azərbaycan siyasi hakimiyyətinə ağıl öyrətmək təsiri bağışlayır.

O ki qaldı Rusiya sülhmərmalıları məsələsinə. Onların fəaliyyətindən hamı kimi dövlət orqanları da razı deyil. Əslində bunun belə olacağını 10 noyabrdan sonra çoxları bilirdi. Ona görə də hər xırda məsələyə görə siyasi hakimiyyətdən açıq reaksiya gözləmək düzgün deyil. Gözlənilən reaksiyanı vətəndaş cəmiyyəti verməlidir. Sən, mən, o…

Mən Ermənistan mətbuatını diqqətlə izləyirəm. Və müşahidələrim göstərir ki, hər gün Rusiya prezidentinə hansısa məqsədlə hansısa QHT müraciət edib. Bu müraciətlərin bir nüsxəsi də göndərilir Rusiyanın elektron və yazılı KİV-nə. Rusiya KİV-nin müəyyən qismi də bu müraciətləri xəbər formatında tirajlayırlar. KİV-də yayılan məlumatsa öz-özlüyündə ictimai fikir formalaşdırır. Və bir çox hallarda da Rusiya prezidenti və yaxud hökuməti bu ictimai fikirlə razılaşmaq məcburiyyətində qalır. Təbii ki, çıxarılan qərardan qazanan erməni olur.

Çox təəssüf ki, belə hallar bizim vətəndaş cəmiyyətində yoxdur. Məsələn, qarşıdan Xocalı soyqırımı günü gəlir. Olmazmı ki, xocalılılar adından Vladimir Putinə bir müraciət ünvanlansın. Müraciətin də ana xətti bu olsun ki, 28 ildir ki, şəhidlərimizin və yaxud ata-babalarımızın qəbirlərini ziyarət edə bilmirik. Xahiş edirik, Rüstəm Muradova göstəriş verəsiniz ki, bizlərin yeni il qabağı gedib ölülərimizi ziyarət etməyimizə şərait yaratsın. Belə müraciəti şuşalılar da, xocavəndlilər də edə bilər. Bu da olar vətəndaş təşəbbüsü və yaxud siyasi dillə desək, ictimai basqı. İndiki halda belə müraciətlərə Rusiya siyasi hakimiyyəti həssaslıqla yanaşacaq. Çünki ilk dəfədir ki, dünyaya Rusiya özünü sülhməramlı kimi təqdim edir. Ən azı bu imicinin davamı üçün bizlərin istənilən müraciətinə Moskva diqqət yetirəcək. Nəticədə bizim Qarabağa dönüşümüz sürətləncək. Bu həm də dövlətimizin siyasətinə bir dəstək olacaq.

Yoxsa  “Rüstəm Muradov pisdir, başqasını göndər” fikirləri ancaq daxili auditoriya üçün maraqlı olacaq. Elə Məhəmməd Əsədullazadənin notaya bənzər çıxışı kimi.///konkret.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!