Vəkildən Əhməd Əhmədovun mümkün cəzası ilə bağlı AÇIQLAMA

ÖLKƏ

09 Aprel 2024 18:18

Oxunma sayi: 340
Vəkildən Əhməd Əhmədovun  mümkün cəzası ilə bağlı AÇIQLAMA

Vəkil Sadiq Əfəndiyev: "Əhmədin barəsində məhkəmənin qərarı ilə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilə bilər."

Xəbər verdiyimiz kimi Fevral ayının 13-də bir ailənin 5 nəfər üzvünün qəsdən öldürülməsinə dair Xətai rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 04.04.2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub.

Qeyd olunan rəsmi xəbərdən sonra cəmiyyətdə müəyyən müzakirələr açıldı.

Bu rəy əsasında Əhməd Əhmədovu hansı cəza gözləyir?

Azmedia.Az bildirir ki, Oxu24.com-a açıqlama verən vəkil Sadiq Əfəndiyev bildirib ki, Məhkəmə-psixatrik ekspertizasının rəyi ilə şəxsin cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi müəyyən edildiyi halda, ibtidai istintaq cinayət-prosessual qanunvericliyində nəzərdə tutulmuş anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın xüsusiyyətləri nəzərə alınmaqla davam etdirlir.

İş üzrə icraat yekunlaşdıqdan sonra cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs barəsində işin məhkəməyə göndərilməsi haqqında qərar qəbul edilir. 

Bəs şəxsin cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilərsə,hansı addım atılacaq?

Vəkil Sadiq Əfəndiyev sözlərinə görə,Məhkəmə baxışı zamanı şəxsin cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilərsə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır.

Belə ki, cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş şəxs cinayət məsiliyyətinə cəlb edilmir və cəzalandırılmır.

Onun barəsində yalnız tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir.

Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi psixi pozuntusu olan şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir.

Hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 95-ci maddəsində 4 növ tibbi xarakterli məcburi tədbirlər nəzərdə tutulmuşdur.

Onlara aiddir: məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi, ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə, ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə və ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə.

Sadalanan tibbi xarakterli məcburi tədbirlərdən ən ciddisi ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicədir və bu müalicə əsasən öz psixi vəziyyətinə görə ətrafdakılar və özü üçün təhlükəli olan, intensiv və daimi müşahidə tələb edən şəxslərə təyin edilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!