Vüqar Kinoloq

MÜSAHİBƏ

08 İyun 2020 15:30

Oxunma sayi: 439
Vüqar   Kinoloq

-İtlərin təlimi nə dərəcədə vacibdir?


-İtlərin təlimi çox mütləq haldır. Bəzi insanlar itləri götürür, onu evin interyeri kimi qəbul edir, yaxud qapıda zəncirdə saxlayır və s.. Onlar elə düşünür ki, artıq itə sahibləndilərsə, o it haqqında hər şey bilirlər. Əslində isə elə deyil. İtləri mütləq təlim etmək lazımdır. İtlər elə bir canlıdır ki, biz onlara gündəlik nəsə öyrətdik ya öyrətmədik, onlar özləri onsuz da yeni nə nəsə öyrənəcəklər. Adətən itin özünün öyrəndiyi şey insanları qane etmir. Məsələn, yer qazmaq, quşa hürmək, kiməsə hücum etmək, uşaqla oynamaq və s.. Ona görə də bizə lazım olanları itlərə özümüz öyrətməliyik. 


-İnsanlar özləri evdə itləri təlim edə bilərmi?

-Bizə müraciət edən insanların əsas şikayəti bunlardır : itin artıq 3 yaşı olmasına baxmayaraq küçədə rahat gəzə bilmir, yad insan görəndə hücum edir, özünə qapanır və s.. Bütün bunlar gecikmiş təlimin nəticəsidir. Çünki o itlərə zamanında kiçik vaxtlarından artıq bəzi şeyləri öyrətmək lazım idi.. 
Bəzi insanlar vardır ki, you tube və ya internetdə it təlimi ilə maraqlanır, bir neçə video izləyir və öz itini özü evdə təlim edir. Və bu onlarda alınır. Bəzi insanlar isə təlimdəki incəlikləri görmür, çünki bu bir elm, texnologiyadır. İt insan kimi fikirləşmir onun şərti refleksləri fərqlidir, insan kimi öyrənmir. Bunu Pavlov itlər üzərində təcrübə keçirdiyi zaman kəşf edib. Halbuki Pavlovun məqsədi itlər üzərində təlimi öyrənmək deyildi. Lakin bu təcrübələr zamanı müəyyən biliklər əldə olunub ki, bu günümüzdə də həmin biliklərdən istifadə olunur. 
Başqa dünya alimləri də etologiya elmi ilə məşğul olub ki, buna misal olaraq Skinner,Kon Dike və digərlərinin məqalələrini nümunə göstərmək olar. 


-İtləri nə vaxtdan təlim etmək lazımdır?

-İtlər anadan ayrılan gündən onu təlim etmək lazımdır, yəni azı 2 ay olmaq şərti ilə 7-8ci həftədən etibarən ilkin təlimlərə start vermək gərəkdir. 


-Təlim zamanı hansı çətinliklərə rast gəlinir?

-Ümumiyyətlə işinin peşəkarı üçün təlimin heç bir çətinliyi yoxdur. İt sağlamdırsa, psixoloji durumu yerindədirsə onun qabiliyyəti çərçivəsində istənilən şeyi öyrətmək olar. 

 

-Nə qədər müddət ərzində o it müəyyən əmrləri, tapşırıq kimi şeyləri öyrənir?

-Məsələn oturmaq, durmaq, qaçmaq, gətirmək kimi əmrləri təxminən 2-3 ay ərzində tam mənimsəyir. Mütəmadi olaraq bu əmrləri onun yadına salmaq lazımdır ki, unutmasın. İnsanlar kimi it də bütün ömrü boyu yeni nələrisə öyrənir. Biz onsuz da gündəlik it ilə ünsiyyətdə oluruq, qaçırıq, oynayırıq, gəzintiyə çıxırıq və s.. Və bu zaman gündəlik komandalardan istifadə etdikcə: qaç, dur, otur, sakit kimi artıq bu sözlər itin yaddaşına həkk olunur. 


-Təlim üçün 2 ay vaxt lazımdır dediniz. Bu 2 ay ərzində it sahibindən ayrılıb, sizin yanınızda qalır??

-Bizə çox adam müraciət edir, lakin biz tanımadığımız insanlardan it almağın tərəfdarı deyilik. Biz məsləhət görürük ki, onlar özləri öz itləri ilə məşğul olsunlar. İtləri ilə bizim kluba gəlsinlər, biz onlara göstərişləri verək, özləri itlərinə təlim keçsinlər. Bu zaman it də öz sahibinə öyrəşir. Kiçik yaşlı iti gətirib təlimçiyə verəndə artıq bu it öz sahibinə yox, təlimçiyə sahib olaraq baxır və bağlanır. 


-Təlim müddətində gündə neçə saat məşğul olmaq lazımdır?

-Bizim təşkil etdiyimiz təlim prosesində həftənin 4 günü insanlar öz itləri ilə klubumuza təşrif buyurur. Bu onların vaxt baxımından imkanına baxır. Zamanı olmayan 1-2 dəfə də gələ bilər. Bu zaman biz onlara müəyyən şeyləri göstərir daha sonra isə ev tapşırığı veririk. Gələn məşğələyə qədər evdə bu hərəkətləri itlərə öyrətməlidirlər. Hər təlim prosesi 3-4 dəq-dən artıq çəkmir. Yəni 1 əmri ona öyrətmək üçün 3-4 dəq vaxt sərf olunur. Gün ərzində max 10 dəq ərzində ona təlim keçmək olar. 


-İt sahiblərindən itlərin sağlamlığı haqqında arayış tələb edirsinizmi?

-İtlərin öz pasportu olur, hansı ki, orada peyvəndləri, xəstəlikləri və s.. qeyd olunur. Həmin peyvəndlər, müayinələr olmasa biz həmin itləri təlimə almırıq. Çünki pevnənd olunmamış itlər çox həssas olur və tez yorula, xəstələnə bilir. Bir mütəxəssis itə nəzər yetirdikdə artıq onun anatomiyasından bilir ki, həmin it sağlam yaxud xəstədir. 


-Ən çox hansı yaşda olan itləri təlimə gətirirlər?

-Daha çox 4-5 ayından sonra itlər gətirilir. Bəzən daha böyük itlər ilə də bizə müraciət edirlər. Hətta bu yaxınlarda 6 yaşında olan Alman çoban iti gətirilmişdi, sahibi qeyd etdi ki, it çox aqressiv və problemlidir. İtlər daim təlimə açıq olsalar da, yaşlı itlərə nəyisə öyrətmək vaxt baxımından daha çətindir. 

-İtlər üçün təlim müddəti 3 aylıq kurs şəklində aparılır. Bu müddət uzadıla bilərmi?

-Baxın, sırf kurs 3 aylıqdır deyə birşey yoxdur. Təlim müddəti bitsə belə öz itləri ilə klubumuza gələnlər olur. Orda həm itləri öz dostları ilə oynayır, həm də itin sahibləri asudə vaxtlarını keçirir, insanlar dostlaşır, ailəvi tanışlıqlar yaranır və s.. İtlər artıq bütün komandaları yerinə yetirsə belə sahibləri onları davamlı klubumuza gətirir. Bəzi insanlar olur ki, 1-2 ay gəlməsinə baxmayaraq iddia edir ki, artıq itim hər şeyi bacarır, kursa gəlməyə gərək yoxdur. Əksinə, mən deyərdim ki bu yalnış fikirdir. İnsanlar özləri təlim üçün lazım olan müəyyən şeyləri öyrənir deyə elə bilir ki, artıq itləri də bunları əzbərlədi. Ancaq elə deyil. İtlə davamlı məşğul olunmasa o həmin komandaları əməl edə bilməz. 


-İt sahiblərinə tövsiyyəniz nə ola bilər?

-İnsanlara məsləhət verirəm ki, hər hansısa bir itə sahib olmamışdan qabaq xeyli düşünsünlər, sonra addım atsınlar. Çünki, itə baxmaq, onu saxlamaq kənardan asan görünsə də çox çətin bir prosesdir. İti o qədər sevmək lazımdır ki, onun çətinliklərinə dözərək səbrlə qulluq edəsən. Düşünülmədən sadəcə ani istək xatirinə insanlar it alır, sahiblənir. Bir müddət sonra ona baxmaq, qulluq etmək artıq bezdirici hal aldıqda it sahibləri ondan qurtulmağa çalışır. Çox zaman da bu sahibsiz küçə itlərinin artmasına səbəb olur. Digər məsləhətim ondan ibarətdir ki, dəb ilə ayaqlaşmağa çalışmasınlar. Hal-hazırda hər kəs "Haski" istəyir. Çalışıb bir az mütaliə etmək lazımdır ki, mən iti nə üçün istəyirəm, mənim şəraitimdə yaşaya biləcək it cinsi hansıdır, həmin cinslərin xüsusiyyətləri hansılardır və s.. Və digər nüansı sizin nəzərinizə çatdırmaq istərdim. İnsanlar çox vaxt bazarlardan, internetdən, tanımadıqları kəslərdən it alırlar. Bu yalnışdır. Çünki həmin itlər o cinsin statdartlarına uyğun olmaya bilir. Görünüşcə alman çoban itinə yaxud xasikiyə bənzəyə ancaq əslində o cinsdən olmaya bilər. Çalışsınlar ki, rəsmi damazlıq ilə it cinsləri yetişdirən insanlardan it alsınlar, hansı ki o şəxslərdə həmin it cinslərinin rəsmi sənədləri və genetikası haqqında məlumat var. Düzdü bu cəhətdən belə itlər daha bahadır, onlar 2 aylığına qədər ana ilə saxlandığı əlavə xərclər olduğu üçün satılan zaman da baha qiymət oxunur. Bazarlarda isə itləri çox xərc olmasın deyə 1 ayda artıq anadan ayırırlar, bu da gələcəkdə fəsadını göstərir. 


-Ev şəraitində saxlamaq üçün insanlara hansı cins iti məsləhət görürsünüz?

-Ev şəraitində hər iti saxlamaq olar. Əsas odur ki, sən özündə müəyyən edəsən it sənin üçün niyə lazımdır? Məsələn, mən ovçuyamsa mütləqdir ki, mənə ov iti lazımdır. Yaxud insanlar düşünür ki, evim balacadı, mənə kiçik ölçülü it lazımdır. Evdə hər cinsə şərait yarada bilərsiz. Məsələn ev şəraiti üçün "pudil" itlər məsləhətdir. Bu itlər az tük tökür,ağıllıdırlar. Daha sonra "fransız buldoku", bu itlər də ev üçün çox uyğundur. Onların tükü xırda olur, ölçüsü də balaca olduğu üçün ev şəraiti üçün uyğundur. Hal-hazırda dəbdə olan "Şpiç" cinsini də sahiblənə bilərlər. Və hansı cinsdən alırlar alsınlar, mütləqdir ki o iti hər gün təmiz havada gəzintiyə çıxarsınlar. İtlər kiçik yaşlarından insanları, maşın, velosiped, ağac, yol, heyvanlar və s.. görməlidir ki sosiallaşsın. Əks halda o itlər ya özünə qapanıq, ya da həddindən çox aqressiv olacaq. Kiçik lakin önəmli nüanslar vardır ki, insanlar buna diqqət etməlidir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!