Ağdama 10 mindən çox mərmi düşüb 7 dinc sakin həyatını itirib, 42 nəfər yaralanıb

SİYASƏT

07 Noyabr 2020 12:55

Oxunma sayi: 637
Ağdama 10 mindən çox mərmi düşüb   7 dinc sakin həyatını itirib, 42 nəfər yaralanıb

Ermənistan silahlı qüvvələri sentyabrın 27-dən bu günədək Ağdam rayonun 62 yaşayış məntəqəsindən 43-nə ağır artilleriya qurğularından 10 mindən çox top və raket mərmiləri atıb.

 

Azmedia.Az bildirir ki, Trend-in cəbhə bölgəsində olan əməkdaşının verdiyi məlumata görə, nəticədə yüzlərlə fərdi yaşayış evinə ziyan dəyib. Ümumilikdə isə bu günədək 7 dinc sakin həyatını itirib, 42 nəfər yaralanıb. Bundan başqa, 15 təhsil müəssisəsi, 5 körpələr evi erməni təxribatı nəticəsində dağılıb. Yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində yardımçı tikililər, mağazalar, iaşə obyektləri, istehsal müəssisələri və eləcədə mal tövlələri dağıdılıb. Həyətyanı təsərrüfatlara mərmi düşməsi nəticəsinə 400 baş iri və xırdabuynuzlu heyvan tələf olub.

 

Bundan başqa rayonun infrastrukturuna xeyli ziyan dəyib. Elektrik dirəkləri və xətləri sıradan çıxıb. Rabitə və qaz xətləri ciddi zərər görüb. Yol infrastrukturunun bir hissəsi hərəkət üçün yararsız hala düşüb. Cəbhə xəttinə yaxın ərazilərdəki subartezian quyularından çoxu istismara yararsız vəziyyətdədir. Yaşayış məntəqələrində yerləşən 30-dan çox subarteziana ziyan dəyib.

 

Əkin sahələrinə düşən top, qrad, minaatan mərmiləri minlərlə hektar torpaq sahəsini partlamamış silah sursatla çirkləndirib. Mərmilər pambıq, soğan sahələrində məhsul yığımını gecikdirməklə yanaşı, həm də məhsulun zay olmasına səbəb olub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!