Bu ərazidə yaşayan vətəndaşlara mülkiyyət hüququ VERİLƏCƏK - Qanun təsdiq OLUNDU

ÖLKƏ

28 Mart 2024 21:34

Oxunma sayi: 653
Bu ərazidə yaşayan vətəndaşlara mülkiyyət hüququ  VERİLƏCƏK - Qanun təsdiq OLUNDU

Azərbaycanda yaxın müddətdə Mənzil-Tikinti Kooperativlərindən (MTK) mənzili yalnız elektron platforma vasitəsilə almaq mümkün olacaq. Bir müddət əvvəl bununla bağlı açıqlama verən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, mənzil alan şəxsin korporativə üzvlük mərhələsindən başlayaraq sonda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsinə qədər bütün proseslər vahid elektron sistem üzərindən həyata keçiriləcək. 

N. Alimova 2023-cü ilin yekunlarına dair mətbuat konfransında bildirib ki, platforma sayəsində vətəndaş yeni tikilmiş binadan mənzil aldıqda, onun istismarına icazə verilmiş bina olub-olmadığını öyrənmiş olacaq. Ümumilikdə isə bu portaldan kənarda hər hansı bir mənzilin qanuni satışı mümkün olmayacaq.  

Bəs yeni sistem vətəndaşlara nə vəd edəcək?

AzmediA.az xəbər verir ki, məsələ ilə bağlı danışan Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov Referans.az-a deyib ki, bu sahədə problemlərin çox olduğu üçün dövlət artıq müəyyən addımlar atmaq niyyətindədir:

“Keçmişdə əgər hər hansı bir tikinti şirkəti çoxmənzilli bina tikmək üçün MMC açırdısa, o MMC adından Bakı şəhər icra hakimiyyətindən ayrıca akt alırdı. O akta əsasən ilkin layihələndirmə işləri aparırdı və torpağı özəlləşdirmədən həmin yaşayış kompleksini tikirdi və gələcəkdə həmin torpağın özəlləşdirilməsində heç bir marağı qalmırdı. Artıq son illərin bu sahədə təkmilləşdirilməsinə istinadən deyə bilərik ki, torpaq özəlləşdirilməsə, hüquqlar əldə olunmazsa, onun üzərində tikinti aparmaq mümkün olmayacaq. Bu torpağın sərhədləri, kordinatları bəlli olur ki, gələcəkdə inşa edilən yaşayış binasının altındakı torpaq sahəsi özəl olur və onu gələcəkdə icarəyə götürmək olmayacaq”.

Qurum rəsmisi bildirir ki, keçmişdə bu kimi formada torpaq özəlləşdirilmədən tikilmiş binaların altı dövlət balansında qaldığına görə, dövlət məcbur edirdi ki, onların icarə haqqı MTK-lar tərəfindən ödənilsin.

Onun sözlərinə görə, tikinti şirkətləri binanı tikib mənfəəti götürüb gedəndən sonra bu kimi icarə haqqlarının ödənilməsi sakinlərin üzərinə qalırdı: “Artıq torpağın özəlləşdirilmədən üzərində tikinti işinin aparılması ilə bağlı qanunda dəyişikliklər edilir. Bunun yaxşı tərəfi odur ki, artıq bina üzərində formalaşmış mülkiyyət payları olacaq və həmin mülkiyyət payları da vahid sistemdə qeyd olunması məsələsi gündəmdə olacaq. Buna görə də, çoxmənzilli binalarda yaşayan sakinlərə həmin binanın altında olan torpaq pay mülkiyyəti kimi düşür”.

Ən böyük üstünlük budur ki, vətəndaşların hüququnun təmin olunacağı ilkin qeydiyyat məsələləri üzə çıxacaq, kütləvi problemlər aradan qaldırılacaq və gələcəkdə çıxarış neçə kvadrat metrə veriləcəksə, həmin qanunvericiliyin tələblərinə uyğun da sənədləşmə aparılacaq. Eyni zamanda təkrar satışlar zamanı bəzən tikinti şirkətləri vətəndaşların üzərinə bəzi rüsumlar qoyurdular, bundan sonra onlar suni yolla qazanc əldə edə bilməyəcəklər - deyə Elnur Azadov əlavə edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!