Prezident Qarabağdakı ermənilər barədə: “Onlar qat qat yaxşı yaşayacaqlar”

SİYASƏT

09 Noyabr 2020 13:24

Oxunma sayi: 685
Prezident Qarabağdakı ermənilər barədə:     “Onlar qat   qat yaxşı yaşayacaqlar”

“Əcnəbi jurnalistləri müşahidə edənlərin yalnız bir məqsədi var - onları qorumaq və onların hara gedə biləcəyi və hara gedə bilməyəcəyi barədə onlara məlumat vermək”. 

 

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində jurnalistin hökumətin müşahidəçiləri olmadan sərbəst, öz istəyinə görə hərəkət edib, hadisələri lentə almaları ilə bağlı sualını cavablandırarkən deyib:

“Mən bu barədə əmin deyiləm. Düşünürəm ki, belə bir imkanın olub-olmadığını səlahiyyətli orqanlarla dəqiqləşdirmək lazımdır. Əcnəbi jurnalistləri müşahidə edənlərin yalnız bir məqsədi var - onları qorumaq və onların hara gedə biləcəyi və hara gedə bilməyəcəyi barədə onlara məlumat vermək. Lakin gizlədiləsi bir şey yoxdur.

Siz bizim dağıdılmış kəndləri görə bilərsiniz. Siz Gəncədə olmusunuz. Yəqin ki, siz Bərdəyə də gedə bilərsiniz. Buna görə bizim gizlədiləsi bir şeyimiz yoxdur. Biz öz torpağımızda vuruşuruq. Erməni ordusu bizim torpağımızdadır, onlar təcavüzkardır və biz təcavüzün qurbanı olmuşuq. Lakin bu gün biz qisasımızı alırıq.

Bu gün biz onlara yerini göstəririk və dediyim kimi, onlar qalan əraziləri könüllü olaraq boşaltmasalar, biz onları axıra qədər qovacağıq”.

Prezidentin cavabının erməni vətəndaşlara çox dəhşətli bir mesaj kimi səsləndiyini vurğulayan jurnalistə cavab olaraq İlham Əliyev fikirlərinə belə davam etdirib:

“Xeyr, niyə? Biz erməni vətəndaşları haqqında artıq danışdıq. Bizim onlarla təmaslarda heç bir yanlışlığımız yoxdur. Mən dəfələrlə demişəm və dediklərimin üstündə dururam. Biz ərazilərimizi işğal etmiş bu cinayətkar dəstələrdən torpaqları azad etdikdən sonra Dağlıq Qarabağdakı ermənilər qat-qat yaxşı yaşayacaqlar.

Onların daha çox məvacibləri olacaq, çünki Azərbaycandakı məvaciblər daha yüksəkdir. Onların daha yüksək təqaüdləri olacaq, çünki Azərbaycanda təqaüdün məbləği Ermənistandan üç dəfə çoxdur. Onlar sosial müdafiə ilə təmin olunacaqlar. Biz bu ərazilərə böyük sərmayələr yatıracağıq, onlar yoxsulluqdan xilas olacaqlar...”

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!