Rusiyalı politoloq: “Ermənistan Rusiyadan radiolokasiya sistemləri almaqdan imtina edib”

SİYASƏT

19 Noyabr 2020 09:15

Oxunma sayi: 633
Rusiyalı politoloq:     “Ermənistan Rusiyadan radiolokasiya sistemləri almaqdan imtina edib”

“Azərbaycan tərəfi Qarabağda əks-əməliyyatlara başlayanda məlum oldu ki, Ermənistanın pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək üçün radioelektron sistemləri yoxdur”.  Bunu  Rusiyanın "Kommersant" nəşrinin siyasi şərhçisi Maksim Yusin iddia edib.  O  bildirib ki, guya Ermənistanın baş naziri Nikol Paşinyan  Moskvanın təklif  etdiyi bu tipli komplekslərdən imtana edib.

 

 

Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 9-da Qarabağ ərazisində Ermənistana məxsus radioelektron mübarizə vasitələrinin məhv edilməsinə dair görüntü yayıb. Bir gün sonra isə  Müdafiə Nazirliyi Xocalı rayonu ərazisində Ermənistan ordusuna aid bahalı 19J6 (ST-68U) radilokasiya stansiyasının məhv edildiyini  açıqlayıb.  

Qeyd  edək  ki, bu üç koordinatlı radar stansiyası qanadlı raketlər də daxil olmaqla, aşağı hündürlükdəki hədəfləri aşkar edə bilir. Bir dəfəyə 32 hədəfi izləmək imkanı olan bu sistemin modernləşdirilmiş versiyasının hava obyektlərini aşkarlama məsafəsi 250 kilometrə qədər artırılıb.  


Bundan başqa  rəsmi Bakı  ermənilərə məxsus  1 aşkaretmə stansiyası və bir lakatoru sıradan çıxardığını açıqlayıb.  Həmçinin Azərbaycan tərəfi Ermənistan ordusuna aid  6  S-300 zenit-raket sisteminin məhv edildiyini bəyan edib. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev  xalqa  müraciətində  məlumat verib.   Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı müxtəlif vaxtlarda video  yayımlayıb.  Yeri gəlmişkən,  Rusiya istehsalı olan  S-300 zenit raket sistemi hədəfləri 47 km-dən 150 kilometrə qədər məsafədə vurma, hava obyektlərini 120 km-dən 300 km-ə qədər məsafədə aşkar etmək imkanına malikdir.

Kompleksin hava obyektlərinin aşkar edilməsinin uzaqlığı 120-dən 300 kilometrədəkdir. Hədəfin məhv edilməsi yüksəkliyi isə maksimum 27 km-dir. Bu raketlər saniyədə 2800 metrə kimi sürətlə hərəkət edən hədəfləri məhv etməyə qadirdir.  Sistem eyni zamanda aktiv və passiv maneələrə qarşı qoruma imkanına malikdir.  Ermənistanın  Rusiyadan S-300 zenit-raket kompleksi əldə etməsinə dair açıq mənbələrdə məlumatlar qeydə  alınıb.   Bundan başqa Ermənistan Müdafiə Nazirliyi S-300 zenit-raket komplekslərinin hava -hücumundan müdafiə qüvvələrinin təlimlərində iştirak etdiyinə dair məlumat yayıb. Bu komplekslərin təlimdə və paradda iştirakına dair görüntülər də təqdim edilib.


Bundan başqa  rəsmi Bakı  Ermənistan ordusuna məxsus  4  “TOR”  zenit-raket kompleksinin məhv edildiyini açıqlayıb. Rusiya istehsalı olan bu sistemin  istənilən hava şəraitində aşağı və orta hündürlükdə uçuş həyata keçirən təyyarəhelikopterqanadlı raket, yüksək dəqiqlikli idarəolunan raketlər, pilotsuz uçuş aparatları və qısa mənzilli ballistik raketlərə qarşı mübarizə aparmaq imkanına malik olduğu  məlumdur.

Bu sistem yüksək dəqiqliklə idarəolunan raketləri gecə və gündüz, istənilən hava şəraitində və radioelektron mübarizə mühitində məhv etməyi bacaran hava hücumundan müdafiə sistemi hesab olunur.  Ermənstanın ТОР-М2КМ zenit-raket kompleksi əldə etdiyinə dair hələ 2019-cu ilin dekabr ayında bu ölkənin baş naziri Nikol Paşinyan feysbuk səhifəsi vasitəsilə məlumat   verib.  O  kompleksin yanında selfi  çəkərək paylaşmışdı.

Bəzi açıq mənbələrdə Ermənistanın Rusiyadan "İnfauna", R 325 U, R-330B  radioelektron mübarizə sistemləri  tədarük etdiyi də əksini tapıb.

 

Ermənistanın Rusiydan Бук-М2 zenit-raket kompleksi əldə etdiyi də məlumdur.  Bu kompleks pilotsuz uçuş aparatlarını da sıradan çıxarır. Hələ  2008-ci il may ayının əvvəllərində  Abxaz separatçılarının  bu kompleks  vasitəsilə  Gürcüstan Hərbi Hava Qüvvələrinə  məxsus  dörd  ədəd pilotsuz uçuş  aparatını məhv  etdiyinə  dair məlumat yayılmışdı.  

2018-ci ildə isə  Ermənistan Rusiyadan məhz pilotsuz uçuş aparatları ilə mübarizə üçün nəzərdə tutulan Repellent radioelektron qurğu alıb. Bu qurğu  5-10 km məsafədə olan pilotsuz təyyarələri aşkar etmək və onu sıradan çıxarmaq imkanına malikdir.

Amma bəzi Rusiya mənbələrində ən inkişaf etmiş elektron mübarizə vasitələrindən olan  “Repellent”in Azərbaycan ordusuna məxsus dronla  məhv edildiyinə dair məlumat  yayılmışdı.

Göründüyü  kimi,  deyilənlərin  əksinə  olaraq  Ermənistan müxtəlif  vaxtlarda Rusiyadan həm radioelektron mübarizə vasitələri, həmçinin pilotsuz uçuş aparatlarını  zərərsizləşdirmək imkanına malik olan zenit-raket kompleksləri əldə  edib.


Saxta.info bu nəticəyə gəlib ki,  Rusiyanın "Kommersant" nəşrinin siyasi şərhçisi Maksim Yusinin  iddiası  doğru  deyil. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!