Deputat Azərbaycanın bölgədə artan rolundan danışdı: “Orta Dəhlizin əhəmiyyəti yüksəlir”

Deputat Azərbaycanın bölgədə artan rolundan danışdı: “Orta Dəhlizin əhəmiyyəti yüksəlir”

Milli Məclisin deputatı Cavanşir Feyziyev Azərbaycanın regional və beynəlxalq mövqeyinə təsir edən əsas amilləri açıqlayıb. O, ölkənin Rusiya və Avropa İttifaqı ilə münasibətləri, Orta Dəhlizin perspektivləri və Cənubi Qafqazda dəyişən geosiyasi proseslər barədə fikirlərini bölüşüb. 

Azmedia.Az xəbər verir ki, deputat Cavanşir Feyziyev Rusiya-Ukrayna müharibəsi fonunda aparılan diplomatik təmasların hələlik yekun nəticə vermədiyini bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerin Moskva və Kiyevdə keçirdikləri görüşlər müharibənin dayandırılması istiqamətində diplomatik səylərin davam etdiyini göstərir. Lakin prosesin real nəticəsinin müəyyənləşməsi üçün əsas amillərdən biri cəbhədə yaranacaq vəziyyətdir.

Feyziyev hesab edir ki, Qərb ölkələri münaqişənin başa çatmasını istəyirlərsə, Ukraynaya dəstəyi genişləndirməlidirlər. Deputat eyni zamanda beynəlxalq hüququn və BMT mexanizmlərinin effektiv fəaliyyətinin vacibliyini vurğulayıb.

Deputat Avropadakı siyasi proseslərə də toxunaraq, sağ və ifrat sağ qüvvələrin mövqelərinin güclənməsini sosial-iqtisadi narazılıqlar və ənənəvi siyasi qüvvələrin cəmiyyətin gözləntilərini tam qarşılamaması ilə əlaqələndirib. Onun fikrincə, bu tendensiya xüsusilə Almaniya və Fransada özünü daha qabarıq göstərir və gələcəkdə Avropanın xarici siyasətinə, o cümlədən Rusiyaya münasibətinə təsir göstərə bilər. 

Cavanşir Feyziyev Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngini də şərh edib. O bildirib ki, Moskva ilə Bakı arasında iqtisadi və humanitar əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr Rusiyanın Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verdiyini göstərir.

Deputat Azərbaycanın regional mövqeyinin güclənməsində ölkənin geosiyasi və iqtisadi əhəmiyyətinin artmasını əsas amillərdən biri kimi qiymətləndirib. Onun sözlərinə görə, Orta Dəhliz, Azərbaycanın enerji resursları, Ələt limanı və Zəngəzur dəhlizinin perspektivləri ölkənin regiondakı rolunu daha da artırır. 

Feyziyev həmçinin qeyd edib ki, mövcud geosiyasi reallıqlar fonunda Rusiyanın Azərbaycanla əməkdaşlığa marağı artır. O, Orta Dəhlizin Azərbaycan üzərindən keçməsinin marşrutun strateji əhəmiyyətini yüksəltdiyini və sanksiyalar şəraitində Rusiyanın dünya bazarlarına çıxış imkanları baxımından da bu istiqamətin önəmini vurğulayıb.