Dünyanı gözləyən səssiz təhlükə: 25 ilə 39 milyon insan həyatını itirə bilər – Həkimdən XƏBƏRDARLIQ

Dünyanı gözləyən səssiz təhlükə: 25 ilə 39 milyon insan həyatını itirə bilər –

Antibiotiklərin təsirini itirməsi gələcəkdə bəşəriyyət üçün ciddi təhlükəyə çevrilə bilər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, antimikrob müqavimətə qarşı mübarizə gücləndirilməsə, qarşıdakı 25 ildə milyonlarla insanın həyatını itirməsi mümkündür.

Azmedia.Az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) noyabrın 18-24-də qeyd olunan Antimikrob Müqaviməti Maarifləndirmə Həftəsi ərəfəsində beynəlxalq ictimaiyyətə təcili çağırış edib.

Qurumun açıqlamasına əsasən, bakteriyaların antibiotiklərə qarşı getdikcə daha çox müqavimət göstərməsi səbəbindən müvafiq tədbirlər görülmədiyi təqdirdə növbəti 25 il ərzində 39 milyon insan həyatını itirə bilər.

Bəs söhbət hansı təhlükədən gedir və insanlar nələrə diqqət etməlidirlər?

Məlumata görə, nefroloq Elnur Fərəcov Ümumdünya Səhiyyə Təşkilatının bu çağırışının bəşəriyyətin üzləşdiyi ən ciddi səhiyyə problemlərindən birinə diqqət çəkmək məqsədi daşıdığını bildirib.

Həkim antimikrob müqavimətin mahiyyətini belə izah edib:

“Antimikrob müqavimət o deməkdir ki, əvvəllər antibiotiklərlə asanlıqla müalicə etdiyimiz bəzi bakterial infeksiyalar artıq həmin dərmanlara cavab vermir. Nəticədə adi bir infeksiyanın müalicəsi çətinləşir, xəstəxanada qalma müddəti uzanır, ağırlaşmalar və ölüm riski artır. Antibiotiklərə qarşı müqavimət insan orqanizmində deyil, bakteriyalarda yaranır. Yəni antibiotikə öyrəşən insan deyil, bakteriyadır”.

Nefroloqun sözlərinə görə, bu problem yalnız infeksion xəstəliklərlə məhdudlaşmır. Belə ki, müasir tibbin bir çox istiqaməti, o cümlədən cərrahiyyə, onkoloji müalicə, reanimasiya və orqan transplantasiyası effektiv antibiotiklərin mövcudluğundan asılıdır.

O qeyd edib ki, böyrək transplantasiyası əməliyyatı keçirmiş xəstələrdə immuniteti zəiflədən dərmanlardan istifadə edilir. Bu səbəbdən həmin şəxslərdə antibiotiklərə davamlı bakteriyaların törətdiyi infeksiyalar xüsusilə ciddi təhlükə yarada bilər.

E.Fərəcov 39 milyon insanın ölümü ilə bağlı proqnozun bütün bu şəxslərin mütləq həyatını itirəcəyi anlamına gəlmədiyini vurğulayıb:

“Bu, mövcud tendensiyalar davam edərsə, qarşıdakı 25 il ərzində antibiotiklərə davamlı bakterial infeksiyalarla birbaşa əlaqəli ola biləcək ölümlərin elmi modellərə əsaslanan proqnozudur. Bəs bu təhlükənin qarşısını almaq üçün nə etməliyik? İlk növbədə, antibiotiklərdən düzgün istifadə etməyi öyrənməliyik. Təəssüf ki, insanlar bəzən adi soyuqdəymə, qrip və digər virus infeksiyaları zamanı belə antibiotik qəbul edirlər. Halbuki antibiotiklər viruslara təsir etmir. Antibiotik yalnız həqiqətən ehtiyac olduqda, həkim təyinatı ilə, düzgün dozada və uyğun müddətdə istifadə edilməlidir”.

Elnur Fərəcov digər mühüm məsələnin xəstəxanalarda infeksiyalara nəzarətin gücləndirilməsi olduğunu bildirib.

Onun sözlərinə görə, antibiotik təyin edilməzdən əvvəl mümkün olduğu hallarda bakterioloji müayinə və antibiotikə həssaslıq testi aparılmalıdır.

Həkim ÜST-ün 2026-cı il məlumatlarına da diqqət çəkib. Bildirilib ki, dünyada laboratoriya müayinələri ilə təsdiqlənmiş bakterial infeksiyaların təxminən hər altısından birində antibiotiklərə qarşı müqavimət müşahidə olunur. Bu göstərici problemin artıq real təhlükəyə çevrildiyini nümayiş etdirir.

“Antibiotiklər müasir tibbin ən böyük nailiyyətlərindən biridir. Lakin onlardan düzgün istifadə etməsək, gələcək nəsillər üçün bu dərmanların effektivliyini itirmək riski ilə üzləşə bilərik”.

//global.info.az