Elşən Gəncəviyə İstanbulda beynəlxalq mükafat təqdim edildi – FOTO

Elşən Gəncəviyə İstanbulda beynəlxalq mükafat təqdim edildi –

İqtisadçı, ictimai xadim və iş adamı Elşən Gəncəvi İstanbul şəhərində keçirilən “1. Türk Dünyası Zirve Ödülleri 2026” beynəlxalq mükafatlandırma mərasimində “Türk Dünyasının Başarılı İş İnsanı” nominasiyasına layiq görülüb.

Azmedia.Az xəbər verir ki, Elşən Gəncəvi Tural Ələkbərova məxsus olan beynəlxalq layihənin iştirakçısı kimi mükafatlandırılıb.

“Caspian Events Group” tərəfindən İstanbul şəhərində təşkil olunan “1. Türk Dünyası Zirve Ödülleri 2026” beynəlxalq mükafatlandırma mərasimi türk dünyasının müxtəlif ölkələrini təmsil edən qonaqların iştirakı ilə keçirilib. Tədbir iştirakçılarının müxtəlif ölkələrdən olması layihənin beynəlxalq əhəmiyyətini bir daha ön plana çıxarıb.

Mükafatlandırma mərasimində müxtəlif ölkələrdən gələn tanınmış simalar, nüfuzlu iş adamları, sənət və ictimaiyyət nümayəndələri, eləcə də müxtəlif sahələrdə uğur qazanan şəxslər bir araya gəliblər. İştirakçılar öz fəaliyyət sahələrində əldə etdikləri nailiyyətlərlə diqqət çəkib, tədbir çərçivəsində qonaqlara beynəlxalq mükafatlar təqdim olunub.

Elşən Gəncəvinin fəaliyyəti və təhsili

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu iqtisadçı, ictimai xadim və iş adamı kimi fəaliyyət göstərir.

O, “Ganjavi Holding”in prezidenti, “Najafsoy Group”un direktoru, “Ganjavi Media”nın, “Strateji.az” informasiya və “Siyasi.az” xəbər portallarının baş redaktoru, həmçinin Demokratik İslahatlar Partiyasının redaksiya komissiyasının üzvüdür.

Bununla yanaşı, Elşən Gəncəvi “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin maliyyə meneceri, “PUBLIC AZERBAIJAN” konsepsiyasının rəhbəri, “Public” və “Gəncəvi” jurnallarının təsisçisi, “ŞƏFQƏT” Kimsəsiz və Əlil Uşaqlara Yardım ictimai birliyində isə İctimai və sosial şuranın rəhbəri kimi fəaliyyət göstərib.

Müxtəlif sahələr üzrə peşəkar xidmətləri özündə birləşdirən “Ganjavi Holding”, “Najafsoy Group”, “Ganjavi Media” və “ELSHAN GANJAVI” şirkətləri bir sıra istiqamətlərdə xidmətlər təqdim edir.

Şirkətlərin fəaliyyət istiqamətlərinə maliyyə və mühasibatlıq, analitik təhlil və strateji maliyyə planlaşdırılması, yeni biznesin qurulması və idarə olunması, alternativ təhsil və təlimlər, layihələrin hazırlanması, kuryer və poçt xidmətləri, media üzərindən reklam xidmətləri, hüquqi və inzibati xidmətlər, informasiya texnologiyaları (İT), eləcə də ən səmərəli səyahət və səfərlərin təşkili daxildir.

Şirkətlər informasiya sahəsində də fəaliyyətlərini genişləndirirlər. Bu istiqamətdə iqtisadi, ictimai və sosial informasiyaların işıqlandırılmasına, eləcə də analitik mövzuların təqdimatına xüsusi yer verilir.

Elşən Gəncəvi “Oxu-magiya” kitabının müəllifidir. O, müxtəlif media qurumlarında iqtisadi, ictimai və sosial mövzularda müəllif yazıları ilə çıxış edir.

Elşən Gəncəvi Gəncə şəhərində yerləşən K.D. Uşinski adına 29 nömrəli tam orta məktəbin məzunudur. O, Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya Respublikasının Timişoara Qərb Universitetinin “Siyasi Elmlər” fakültəsində isə magistr təhsili alıb.

Seçkilərdə iştirakı

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu 1 sentyabr 2024-cü il tarixində keçirilən 7-ci çağırış Milli Məclisə seçkilərdə 39 saylı Gəncə ikinci seçki dairəsindən namizəd olub.

O, daha əvvəl, 9 fevral 2020-ci il tarixində keçirilən 6-cı çağırış Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədliyini irəli sürüb.

Həmçinin Elşən Gəncəvi 1 noyabr 2015-ci il tarixində keçirilən 5-ci çağırış Milli Məclisə seçkilərdə də 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd olub.

Əvvəlki mükafatları

Elşən Gəncəvi müxtəlif dövrlərdə çoxsaylı yerli və beynəlxalq sertifikatlar, fəxri diplomlarla təltif olunub. İctimai xadim və iş adamı kimi müxtəlif mükafatlara layiq görülüb.

O, Türkiyənin İstanbul şəhərində keçirilən “Altın Melek Ödülleri 2021” layihəsində “YILIN EN BAŞARILI İŞ ADAMI”, “Turkey Exclusive Awards 2022” layihəsində “AZERBAYCANIN BAŞARILI İŞ ADAMI”, “Altın Melek Ödülleri 2025” layihəsində isə “YILIN ULUSLARARASI EN BAŞARILI İŞ ADAMI” beynəlxalq nominasiyaları üzrə mükafatlandırılıb.

Bundan əlavə, Azərbaycanın Gəncə şəhərində keçirilən “Gəncəvi Milli Mükafatı 2025” layihəsində “İŞ ADAMI” milli nominasiyası üzrə mükafata layiq görülüb.

Beləliklə, İstanbulda təqdim olunan “Türk Dünyasının Başarılı İş İnsanı” mükafatı Elşən Gəncəvinin əvvəlki illərdə aldığı yerli və beynəlxalq mükafatların sırasına əlavə olunub.