Bu yaşdan sonra yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Yaş artdıqca yuxu keyfiyyətində yaranan dəyişikliklər insan sağlamlığına təsir göstərə bilər. Mütəxəssis xüsusilə 55 yaşdan sonra yuxu çatışmazlığı ilə bağlı diqqət edilməli məqamları açıqlayıb.
Yaşlı insanlarda gecə yuxusunun kifayət qədər olmaması müxtəlif sağlamlıq problemlərinin yaranması riskini artıra bilər. Uzunmüddətli yuxu çatışmazlığının isə Alzheimer xəstəliyi və şəkərli diabetlə əlaqəli olduğu bildirilir.
Azmedia.Az xəbər verir ki, nevroloq, somnoloq və tibb elmləri namizədi Elena Tsareva “Moskva 24”ə açıqlamasında bu məsələyə diqqət çəkib.
Mütəxəssis qeyd edib ki, 55 yaşdan sonra insan orqanizmində melatonin hormonunun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşə bilər. Hormonun azalması yuxuya getmə prosesinin çətinləşməsinə, gecə yuxusunun müddətinin azalmasına və yuxunun daha səthi xarakter almasına gətirib çıxara bilər.
Bununla yanaşı, yaşla bağlı meydana çıxan xroniki xəstəliklər və həmin xəstəliklərin yaratdığı narahatlıqlar da gecə istirahətinə mənfi təsir göstərən amillər sırasındadır.
Elena Tsareva vurğulayıb ki, yaşın artması keyfiyyətli yuxuya olan tələbatı aradan qaldırmır.
Onun sözlərinə görə, insanın ehtiyac duyduğu yuxu müddəti fərdi xüsusiyyətlərdən asılı olaraq dəyişir. Sağlam insanların əksəriyyəti üçün 8,5–9 saatlıq yuxu kifayət etdiyi halda, bəzi şəxslər 4–5 saat yuxudan sonra özlərini kifayət qədər dincəlmiş hiss edə bilər. Digər insanlarda isə istirahət ehtiyacı 12 saata qədər çata bilər.
Somnoloq bildirib ki, insan mütəmadi olaraq 4 saatdan az və ya 12 saatdan çox yatırsa, bu hal diqqətdən kənarda qalmamalı və həkimə müraciət edilməlidir.
Mütəxəssis həmçinin yuxuya konkret saatda getməyi özünə məcburiyyətə çevirməyin düzgün olmadığını qeyd edib. Onun fikrincə, bu cür yanaşma insanda narahatlığı artıra və nəticədə yuxuya getməyi daha da çətinləşdirə bilər.
Yuxu rejiminin qaydaya salınması üçün isə hər gün təxminən eyni vaxtda oyanmaq tövsiyə olunur. Eyni zamanda, gün ərzində yatmaqdan mümkün qədər uzaq durmaq məsləhət görülür.
Çünki gündüz yuxusu gecə saatlarında orqanizmin tam və keyfiyyətli istirahət etməsinə mane ola bilər.


