APA-nın baş direktoru Orxan Məmmədli: “Süni intellektə tam güvənmək yox, ondan yardım almaq lazımdır”- FOTO
APA-nın baş direktoru Orxan Məmmədli jurnalistikanın inkişafı, media sahəsində innovasiyaların tətbiqi, süni intellektdən istifadə və peşəkar diskussiya mühitinin formalaşdırılması ilə bağlı fikirlərini bölüşüb.
Azmedia.Az xəbər verir ki, Orxan Məmmədli bu fikirləri media saytımıza müsahibəsi zamanı səsləndirib.
Bu cür forumların keçirilməsini necə qiymətləndirirsiniz?
"Bu cür tədbirlərin təşkil olunmasını yüksək qiymətləndirirəm. Burada həmkarlarımızla yanaşı, jurnalistikanın yaşlı nəslini təmsil edən şəxslərlə də görüşmək və ortaq fikir mühiti formalaşdırmaq imkanı əldə etdik. Eyni zamanda, belə tədbirlər fikir mübadiləsi aparmaq və müəyyən məsələlərə aydınlıq gətirmək baxımından əhəmiyyətlidir".
Elə mövzular var ki, onlar barədə sosial şəbəkələrdə müzakirələr aparır, yazılar paylaşır və öz mövqeyimizi ifadə edirik. Lakin həmin fikirləri üzbəüz, necə deyərlər, tête-à-tête formatında müzakirə etmək, eləcə də suallara elə yerindəcə cavab almaq daha mütərəqqi yanaşmadır. Bu baxımdan, belə forumların təşkili həm təqdirəlayiq, həm də zəruridir. Bu cür tədbirlər nə qədər çox keçirilsə, diskussiya və polemika mədəniyyətimiz də bir o qədər inkişaf edər.
Süni intellekt jurnalistlərə kömək edirmi?
"Süni intellektdən təyinatına uyğun şəkildə, zəruri və vacib məqamlarda istifadə etdiyimiz təqdirdə, əlbəttə ki, bu texnologiya bizim üçün çox yaxşı bir baza rolunu oynaya bilər. Ancaq bütün işlərimizi süni intellektin üzərinə həvalə etsək, gələcəkdə öz düşüncəmiz olmayacaq. Belə olan halda, hər şeyi bizim əvəzimizə başqaları düşünəcək. Bu isə nəticə etibarilə müstəqil qərarvermə qabiliyyətimizin zəifləməsinə və müəyyən məsələlərdə geri qalmağımıza səbəb ola bilər".
Bu səbəbdən süni intellektə tam şəkildə güvənmək əvəzinə, ondan köməkçi vasitə kimi yararlanmaq lazımdır.
Jurnalistlər günün tələblərinə uyğunlaşmaq üçün nələrə diqqət etməlidirlər?
"Jurnalistlər, xüsusilə də müasir dövrün tələblərini nəzərə alaraq, yeniliklərdən geri qalmamalıdırlar. İnnovasiyalarla ayaqlaşmaq olduqca vacibdir. Hətta bununla kifayətlənməyərək bir qədər də irəli getmək, gələcəklə bağlı indidən təsəvvür formalaşdırmaq və müəyyən proqnozlar vermək lazımdır. Çünki bu gün yaşadığımız reallıqlar 20 il əvvəlki fantaziyalarımızın nəticəsidir".


