Azərbaycanda bank sistemindən kənar pul köçürmələrinin həcmi artıb - AÇIQLAMA

Azərbaycanda bank sistemindən kənar pul köçürmələrinin həcmi artıb -

Azərbaycanda sürətli pulköçürmələrin həcmi artıb - nağdsız ödənişlərdə də yüksəliş qeydə alınıb.

Azərbaycanda 2026-cı ilin iyun ayında sürətli pulköçürmə sistemləri vasitəsilə bank sistemindənkənar həyata keçirilən pul köçürmələrinin həcmi 42,6 milyon manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletendə bildirilib.

Azmedia.Az xəbər verir ki, AMB-nin məlumatına görə, hesabat dövründə 66,3 min əməliyyat həyata keçirilib. Ötən ilin eyni ayı ilə müqayisədə əməliyyatların sayı 14,2 min və ya 17,6 faiz azalsa da, pul köçürmələrinin həcmi 4,4 milyon manat və ya 11,5 faiz artıb.

Məlumata əsasən, bir pul köçürməsinin orta məbləği 642,7 manat olub. Bu göstərici 2025-ci ilin iyun ayı ilə müqayisədə 168,9 manat və ya 35,6 faiz çoxdur.

Qeyd olunub ki, iyun ayının sonuna bank sistemi və “Azərpoçt” MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı 22,798 milyona çatıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz artım deməkdir.

Bundan əlavə, debet kartlarının sayı 12 faiz artsa da, kredit kartlarının sayı 3,5 faiz azalıb.

AMB-nin məlumatına görə, ilin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artıb. 2026-cı ilin iyun ayında ödəniş kartlarından istifadə edilməklə ölkə daxilində həyata keçirilən nağdsız ödənişlərin həcmi 9,902 milyard manat təşkil edib. Bu məbləğin 8,575 milyard manatı elektron ticarətin, 1,325 milyard manatı POS-terminalların, 2,5 milyon manatı isə özünəxidmət terminalları və bankomatların payına düşüb.

Həmçinin bildirilib ki, ilin əvvəlindən etibarən ölkədaxili ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcmi Azərbaycanda kartlarla həyata keçirilən ümumi əməliyyatların həcminin 69,8 faizini təşkil edib.