“Tur üçün pul ödəyirlər, görüş yerinə gəlirlər, amma nə maşın var, nə də şirkət: Vətəndaşları belə aldadırlar!” – MÜSAHİBƏ/FOTO

“Tur üçün pul ödəyirlər, görüş yerinə gəlirlər, amma nə maşın var, nə də şirkət: Vətəndaşları belə aldadırlar!” –

Turizm sektorunda ölkədaxili və ölkəxarici səfərlərə maraq, sosial şəbəkələrdə saxta turizm səhifələrinin fəaliyyəti, müştərilərin qarşılaşdıqları problemlər və mövsümi qiymət dəyişiklikləri diqqət çəkən məsələlərdəndir. Xüsusilə son dövrlərdə sosial şəbəkələr üzərindən turizm şirkəti adı altında fəaliyyət göstərən saxta profillər vasitəsilə vətəndaşların aldadılması halları narahatlıq doğurur.

Bəs vətəndaşlar tur paketi seçərkən nələrə diqqət etməlidirlər? Tur operatorları ilə bağlı narazılıqlar hansı səbəblərdən yaranır? Yay və qış aylarında tur qiymətlərinin dəyişməsinə nə təsir göstərir? Ölkədaxili və xarici istiqamətlər üzrə hansı səfərlərə daha çox üstünlük verilir?

Azmedia.Az bu və digər sualları Saf Travel turizm şirkətinin rəhbəri Samirə Mirzəyevaya ünvanlayıb. Onunla müsahibəni təqdim edirik:

 Sosial şəbəkələrdə turizm adı altında fəaliyyət göstərən saxta profillər vasitəsilə insanların aldadılması halları ilə bağlı nə deyə bilərsiniz?

"Bəzən turizm adı altında fəaliyyət göstərən profillərin arxasında adi vətəndaşlar dayanır. Onların heç bir turizm anlayışı, bu sahədə fəaliyyəti olmur. Digər insanların və şirkətlərin paylaşımlarını götürərək özləri üçün istifadə edir, tam real görünən səhifələr yaradırlar. Həmin səhifələrin böyük izləyici kütləsi olur. Bunun necə yaradıldığını dəqiq bilmirəm, amma izləyiciləri çox olur. İnsanlar da həmin səhifələrə baxıb məlumatları götürür, elə bilirlər ki, həqiqətən də həmin turla səfərə çıxacaqlar".

Amma bu, saxta profil üzərindən həyata keçirilir və ortada heç bir şirkət olmur. İnsanlar araşdırma aparmadan kart hesabına beh və ya məbləğin hamısını ödəyirlər. Daha sonra onlara bildirilir ki, müəyyən bir məkanda görüş keçiriləcək və həmin yerə gəlməlidirlər. Bu hallar daha çox rayon turlarında, yəni ölkədaxili turlarda baş verir.

İnsanlar təyin olunan yerə gəlirlər, amma nəticədə orada nə şirkət olur, nə onları gözləyən avtomobil, nə də başqa bir şəxs. Həmin vaxt zəng etdikdə isə telefonlarına cavab verilmir.

Şəxsən mən də dəfələrlə belə hallarla rastlaşmışam. İnsanlar bizə yaxınlaşaraq həmin nömrəyə zəng etdiklərini, lakin zəngin çatmadığını bildirirlər. Bu cür aldadırlar.

Çünki insanlar ofisə yaxınlaşmır, şirkəti araşdırmırlar ki, qarşı tərəf həqiqətən şirkətdirmi, yoxsa yox. Sadəcə, Instagram üzərindən səhifəyə baxırlar. Səhifə gözəl tərtib olunubsa, izləyici kütləsi varsa, elə bilirlər ki, bu, həqiqətən də şirkətdir. Belə hallarla qarşılaşmamaq üçün insanlara tövsiyəm odur ki, bu cür səhifələrə dərhal inanmasınlar.

Əli Şəyəldiyev

Azmedia.Az

Müştərilərin tur operatorları ilə bağlı narazılıqları əsasən hansı səbəblərdən qaynaqlanır?

"Xarici turlarda, məsələn, ölkə xaricinə səfər zamanı bəzən elə hallar olur ki, insanları başqa şəkildə aparırlar. Yenə dediyim kimi, burada vasitəçilər, yəni maklerlər məsələsi var. Onlar özlərini tur agenti kimi təqdim edirlər, amma müştəri başqa bir adla səfərə gedir. Yəni məlumatlar düzgün təqdim olunmur".

Bəli, transfer xidmətləri ilə bağlı da çox narazılıqlar olur. Çünki ümumiyyətlə, burada narazılıqların əsas səbəbi çox vaxt şirkətlərin özündən deyil, həmin maklerlərdən qaynaqlanır. 

Vətəndaşlar bu hallarla qarşılaşdıqda nələrə diqqət etməlidirlər?

"Şirkəti ətraflı araşdırmalıdırlar, ofisə yaxınlaşmalıdırlar. Ən azı bir dəfə ofisə gedib etibarlı şirkətlə tanış olduqdan sonra ona etibar edə bilərlər".

 Görürük ki, payız aylarında İstanbula turların qiyməti 600–700 manat olur. Bir qədər vaxt keçdikdən sonra, qış aylarına yaxın qiymətlər azalır. Yayda qiymətlərin baha, payız və qış aylarında isə daha ucuz olmasının səbəbi nədir?

"Bu, biletlərin qiymətləri ilə əlaqədardır. Biz bunu Türkiyə istiqaməti üzrə də müşahidə edirik. Şirkətlərdə biletlərin qalıb-qalmaması, biletlərin qiyməti tur paketlərinin qiymətinə təsir göstərir".

Tələbatın çox olduğu vaxtlarda biletlərlə bağlı məhdudiyyət yaranır. Yay aylarında insanlar istirahət etmək məqsədilə daha çox səfərə çıxdıqları üçün qiymətlər yüksəlir.

Yox, bu, biletlərlə bağlı məsələdir. Biz bunu dəqiq deyə bilmərik. Biz turizm şirkətiyik və tur paketləri hazırlayırıq. Əgər bilet bahadırsa, biz də qiyməti artırmağa məcbur oluruq.

Turizm şirkətiniz hansı istiqamətlər üzrə fəaliyyət göstərir və müştərilərə hansı xidmətləri təklif edirsiniz?

"Bizdə həm ölkədaxili, həm də ölkəxarici turlar təşkil olunur. Ölkədaxili turlar çərçivəsində Azərbaycanın bütün rayonlarına səfərlərimiz var. Həm birgünlük, həm də bir gecə, iki günlük turlar təşkil edirik.

Qarabağ turlarımız da olur. Qarabağ bölgəsinə həm birgünlük, həm də bir gecə, iki günlük turlar üçün uyğun paketlər hazırlanır. Eyni zamanda, məktəblilər üçün şəhərdaxili və qrup turları da təşkil edirik. Ümumiyyətlə, müştərilərin istəyinə uyğun olaraq müxtəlif tur paketləri hazırlaya bilirik.

Bəli, Qarabağın bütün bölgələrinə turlarımız olur. Bununla yanaşı, ölkəxarici istiqamətlər üzrə aviabilet satışı, qrup turları, fərdi tur paketlərinin hazırlanması və viza dəstəyi xidmətləri göstəririk. Şengen vizası ilə bağlı da dəstək təqdim edirik.

Bu sahədə 12 ildən çox təcrübəmiz var. Azərbaycan Turizm Assosiasiyasının rəsmi üzvüyük. Müvafiq xidmətlər təklif edirik.

Turizm sahəsində fəaliyyətə başlayarkən hansı çətinliklərlə qarşılaşmısınız?

"Əslində, demək istədiyim odur ki, mən bu sahədə çox çalışmışam. Turizm mənim ən çox sevdiyim peşədir. Həm turizm təhsili almışam, həm də bu sahəyə böyük həvəsim var.

Ona görə də düşünmürəm ki, bu yolda xüsusi çətinliklərlə üzləşmişəm. Əksinə, öz istəyimlə bu sahəyə gəlmişəm və yolum elə də çətin olmayıb. Hər hansı ciddi maneə ilə qarşılaşmamışam.

Demək istədiyim odur ki, mən hansısa çətinliklərdən keçərək bu sahəyə gəlməmişəm. Hazırladığım bütün proqramlar öz ideyamdır. Məqsədim insanların istər ölkə daxilində, istərsə də ölkə xaricində maraqlı və xoş səyahət keçirmələrini təmin etməkdir.

Müştəriləriniz daha çox hansı turizm istiqamətlərinə üstünlük verirlər?

"İnsanların ən çox tələbat göstərdiyi istiqamətlərdən biri Qarabağ bölgəsidir. Digər rayonlara olan tələbat isə fəsillərə görə dəyişir. Bu, yaz və qış fəsillərində fərqli olur".

Məsələn, qarşıdan qış gəlir. Şaxtalı havalarda insanlar qış turlarına maraq göstərirlər. Demək olar ki, hər kəs ən azı bir dəfə də olsa, şaxta turuna gedir.

 Ölkəxarici istiqamətlər üzrə bu il daha çox hansı ölkələrə tələbat olub?

"Xarici ölkələrə səfərlərə tələbat artıb. Bu ilin ümumi statistikasına baxsaq, Misirə səfərlərin daha çox olduğunu görərik. Türkiyə, Moskva və digər istiqamətlərə də tələbat var".

Amma bu il daha çox Misirə üstünlük verilib. Çünki bu il Dubaya səfərlər az olub, Dohaya da maraq əvvəlki kimi yüksək olmayıb. Məhz bu il ən çox üstünlük verilən istiqamət Misir olub.