Mərkəzi Xəstəxananın piyadalar üçün nəzərdə tutulan giriş qapısı açılacaqmı?- FOTO
Mingəçevirdə sakinlərin narazılığına səbəb olan xəstəxananın piyada giriş qapısının yenidən istifadəyə verilməsi istiqamətində müsbət addım atılıb.
Azmedia.Az -ın rayon müxbirinin məlumatına əsasən Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının uzun illər sakinlərin rahat şəkildə istifadə etdiyi piyadalar üçün nəzərdə tutulmuş giriş qapısının bir müddət əvvəl qəfil bağlanması narazılığa səbəb olmuşdu. Lakin tibb müəssisəsinin yeni rəhbərliyinin problemin həllinə konstruktiv yanaşması qapının yenidən açılacağına dair ümidləri artırıb.
Məsələ ilə bağlı Mingəçevir Sahibkarlar Assosiasiyasının prezidenti Hüsaməddin Əliyev Azmedia.Az-a açıqlamasında ətraflı məlumat verib.
Onun sözlərinə görə, xəstəxananın yeni rəhbərliyi ilə keçirilən səmimi görüş problemin həlli istiqamətində nikbin düşünməyə əsas yaradıb.
Hüsaməddin Əliyev görüşlə bağlı fikirlərini belə ifadə edib:
“Dialoq və vətəndaş rahatlığına verilən önəm. Xəstəxananın direktoru Leylan Nəsirova ilə keçirilən görüşü məhz bu ifadələrlə dəyərləndirmək olar.
Etiraf edim ki, Leylan xanımla çox səmimi və işgüzar görüşümüz baş tutdu.
Avtobus dayanacağının qarşısında yerləşən, uzun illər ərzində sakinlərin, xəstələrin və yaşlı insanların rahatlığına xidmət edən piyada giriş qapısının (əl qapısının) bağlanması şəhər ictimaiyyəti, 7 saylı marşrutun sürücüləri və ərazidə fəaliyyət göstərən sahibkarlar arasında ciddi narahatlıq yaratmışdı.
Görüş zamanı tibb müəssisəsinin rəhbəri məsələyə həssaslıqla yanaşaraq, sözügedən qapının genişləndirilməsi, orada postun qurulması və nəzarət altında yenidən istifadəyə verilməsinin mümkünlüyünü bildirdi.
Açığı, onun bu fikirləri təqdirəlayiqdir. Belə yanaşma həm xəstəxananın təhlükəsizlik və intizam qaydalarının qorunmasına, həm də yüzlərlə insanın gündəlik qarşılaşdığı çətinliklərin aradan qaldırılmasına imkan verəcək.
Qeyd edim ki, görüş zamanı xəstəxananın ən vacib ehtiyaclarından biri olan infeksion şöbənin yaradılması zərurəti barədə də fikir mübadiləsi aparıldı”.
Ehtiram Muradov
Azmedia.Az



