Elçin Şıxlı: “Azərbaycan jurnalistikası hazırda yaxşı vəziyyətdə deyil”- FOTO

Elçin Şıxlı: “Azərbaycan jurnalistikası hazırda yaxşı vəziyyətdə deyil”-

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Qafqaz Media Forumu çərçivəsində Azərbaycan jurnalistikasının hazırkı vəziyyəti, çap mediasının gələcəyi, rəqəmsal platformaların təsiri, süni intellekt və media sektorunun iqtisadi dayanıqlılığı ilə bağlı fikirlərini bölüşüb.

Azmedia.Az xəbər verir ki, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı saytımıza müsahibəsində çıxışı zamanı müasir media mühitində baş verən dəyişikliklərə toxunaraq Azərbaycan jurnalistikasının hazırda ciddi transformasiya mərhələsində olduğunu bildirib.

Onun sözlərinə görə, jurnalistlərin və media ilə əlaqəli şəxslərin bir araya gəlməsi, ümumi məqsəd ətrafında birləşməsi mühüm təşəbbüsdür. O, bu baxımdan forumun təşkilatçılarına uğurlar arzulayıb və belə tədbirlərin keçirilməsini təqdirəlayiq hesab etdiyini bildirib.

Elçin Şıxlı Azərbaycan jurnalistikasının hazırkı vəziyyətini qiymətləndirərkən bir qədər pessimist mövqedə olduğunu ifadə edib. O, fikrini rus dilindəki bir ifadə ilə əsaslandıraraq optimistin hər şeyin yaxşı olacağına ümid edən, pessimistin isə hər şeydən xəbərdar olan insan kimi xarakterizə edildiyini xatırladıb.

Jurnalistikanın hazırkı vəziyyətindən danışan Şıxlı bildirib ki, Azərbaycan mediası sanki yolayrıcında qalıb. Onun fikrincə, bu mənzərənin mühüm hissəsini ənənəvi medianın, xüsusilə də çap mediasının üzləşdiyi problemlər təşkil edir.

O qeyd edib ki, Azərbaycanda qəzetlərin artıq öz fəaliyyətini başa vurduğu barədə fikirlər səsləndirilsə də, dünyanın digər ölkələrində çap mediası tamamilə sıradan çıxmayıb. Şıxlının qənaətinə görə, Azərbaycanda qəzetin əhəmiyyətinin itirilməsi daha çox onun özümüz tərəfindən arxa plana keçirilməsi ilə bağlıdır. Halbuki qəzet məhv olmur, sadəcə transformasiya prosesindən keçir. Yeni platformalar sürətlə inkişaf edərək operativlik baxımından üstünlük qazansalar da, çap mediasının özünəməxsus üstünlükləri qalmaqdadır.

Bu üstünlüklərdən danışan Şıxlı bildirib ki, qəzetdə dərc olunan yazını sonradan geri qaytarmaq və ya dəyişdirmək mümkün deyil. Onun sözlərinə görə, internetdə yerləşdirilən materialı texniki baxımdan silmək mümkündür, lakin qəzet çap edildikdən sonra həmin material artıq dəyişdirilə bilməz. Bu baxımdan çap mediası özünəməxsus etibarlılıq və məsuliyyət xüsusiyyətlərinə malikdir.

O, qəzetlərin digər mühüm üstünlüyünün xəbərlərə yanaşma tərzi ilə bağlı olduğunu vurğulayıb. Şıxlının fikrincə, hazırda informasiya həddindən artıq çoxdur və müxtəlif platformalarda yayılan xəbərlərin içərisində həqiqət payı, bəlkə də, 5–10 faizdən artıq deyil.

Onun sözlərinə görə, qəzetin əsas funksiyalarından biri xəbəri sadəcə çatdırmaq deyil, onu oxucuya izah etməkdir. Çünki operativlik baxımından yeni platformalarla rəqabət aparmaq çətinləşsə də, hadisələrin araşdırılması, səbəblərinin ortaya qoyulması və geniş təhlili çap mediasının əhəmiyyətini artırır.

Şıxlı bu məsələyə nümunə olaraq Bakıda küçələrin su altında qalması ilə bağlı yayılan xəbərləri göstərib. O bildirib ki, bəzən hansısa kiçik dalanda suyun daşmasını əks etdirən görüntü çəkilərək bütün Bakının su altında qaldığı təəssüratı yaradılır. Halbuki həmin görüntülərin şəhərdəki ümumi vəziyyəti nə dərəcədə əks etdirdiyi sual doğurur. Onun fikrincə, belə məlumatların həqiqət payı bəzən 2, hətta 1 faiz ola bilər.

O qeyd edib ki, qəzet jurnalisti belə hadisəni araşdırmalı, problemin yaranma səbəblərini müəyyənləşdirməli və onları oxucuya ətraflı şəkildə izah etməlidir. Məsələn, küçələrin su altında qalmasının birinci, ikinci, üçüncü və dördüncü səbəbləri araşdırılmalı, əldə olunan nəticələr geniş yazı şəklində təqdim edilməlidir.

Elçin Şıxlı bu cür araşdırmaların internet saytlarında da yayımlana biləcəyini istisna etməyib. Bununla belə, informasiyanın qəbul edilməsi baxımından çap mediası ilə rəqəmsal platformalar arasında fərqlərin olduğunu diqqətə çatdırıb.

O bildirib ki, qəzet oxuyarkən səhifələrə ümumi nəzər salmaq, maraq doğuran yazıları seçmək və hansı materialı oxuyacağına qərar vermək daha asandır. Rəqəmsal platformalarda isə istifadəçi səhifəni aşağıya doğru sürüşdürərək müxtəlif məlumatlar arasında hərəkət edir. Şıxlının fikrincə, qəzetin açılması oxucuya ümumi mənzərəni görmək və maraq dairəsinə uyğun materialı seçmək imkanı verir.

O, bütün informasiya vasitələrinin həm müsbət, həm də mənfi tərəflərinin olduğunu vurğulayaraq əsas məsələnin bu xüsusiyyətləri düzgün anlamaq və qiymətləndirməkdən ibarət olduğunu bildirib.

Şıxlı gələcəkdə bu gün istifadə olunan platformaların da dəyişə biləcəyini və insanların yeni informasiya vasitələrinə keçə biləcəyini qeyd edib. Onun sözlərinə görə, gələcəkdə qəzet oxumaq əvəzinə telefon ekranına toxunmaqla, hansısa yeni texnologiyanın köməyi ilə məlumat əldə etmək mümkün ola bilər.

Çap mediasının ətraf mühitə təsiri ilə bağlı müzakirələrə də toxunan Şıxlı bildirib ki, kağız istehsalı üçün çoxlu ağac kəsilməsi və böyük həcmdə su sərf olunması nəzərə alınmalı məsələlərdir. Bununla yanaşı, o, elektron məlumatların saxlanılması və ötürülməsi üçün istifadə edilən data mərkəzlərinin də ətraf mühitə təsirinin qiymətləndirilməsinin vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, data mərkəzləri böyük həcmdə su və enerji resurslarından istifadə edir və bu sistemlərin ətraf mühitə təsiri də ciddi şəkildə araşdırılmalıdır. Bəzi hallarda data mərkəzlərinin resurs istehlakı qəzet istehsalı ilə bağlı müzakirələrdən daha geniş miqyasda qiymətləndirilməlidir.

Şıxlı bu kontekstdə Amerika Birləşmiş Ştatlarının Ermənistanda data mərkəzi yaratması məsələsinə də toxunub. O, bunun səbəblərindən birinin Ermənistanın su və enerji resurslarından istifadə etmək olduğunu düşündüyünü bildirib.

Çıxışında rəqəmsal platformaların media sektorunun iqtisadi vəziyyətinə təsirindən də danışan Şıxlı Rauf Arifoğlunun forum zamanı səsləndirdiyi fikrə diqqət çəkib. O bildirib ki, əslində, yerli media qurumları və jurnalistlər öz platformalarında yayımladıqları məzmun vasitəsilə beynəlxalq rəqəmsal platformaların fəaliyyətinə xidmət edirlər.

Onun sözlərinə görə, xəbər saytlarında, sosial şəbəkə səhifələrində və YouTube kanallarında əldə olunan izlənmələr əsasında reklamlar yerləşdirilir. Lakin həmin reklamlardan əldə edilən gəlirlər Azərbaycan dövlət büdcəsinə deyil, Mark Zukerberqin və digər beynəlxalq platforma sahiblərinin gəlirlərinə daxil olur.

Şıxlı hesab edir ki, bu vəziyyət həm Azərbaycan jurnalistikasının iqtisadi dayanıqlılığına mənfi təsir göstərir, həm də milli təhlükəsizlik baxımından müəyyən təhdidlər yaradır.

O bildirib ki, istifadəçilər Facebook və digər platformalarda qeydiyyatdan keçərkən ad, soyad və başqa şəxsi məlumatlarını təqdim edirlər. Nəticədə vətəndaşlar haqqında çoxsaylı məlumatlar həmin şirkətlərin sistemlərində toplanır. Şıxlının diqqətə çatdırdığı əsas məqamlardan biri də budur ki, Azərbaycan vətəndaşları haqqında məlumatlar beynəlxalq şirkətlərin sistemlərində cəmləşsə də, eyni məlumatlar yerli media nümayəndələrinin və ayrı-ayrı Azərbaycan vətəndaşlarının sərəncamında olmur.

O, bu məsələlərin nəzərə alınmasının vacibliyini vurğulayaraq qanunvericilik çərçivəsində müvafiq mexanizmlərin hazırlanmasını təklif edib. Şıxlının fikrincə, Mark Zukerberqin rəhbərlik etdiyi şirkət və digər beynəlxalq platformalar Azərbaycan bazarında əldə etdikləri gəlirlərə görə ölkənin vergi qanunvericiliyinə uyğun şəkildə vergi ödəməlidirlər.

Bu mexanizmin texniki baxımdan necə həyata keçirilə biləcəyini dəqiq bilmədiyini bildirən Şıxlı həmin şirkətlərlə yazışmağın, əlaqə qurmağın və məsələni müzakirə etməyin mümkün olduğunu qeyd edib. O, bu şirkətlərin müəyyən mənada qanunlara riayət edən strukturlar olduğunu da vurğulayıb.

Şıxlı əlavə edib ki, Azərbaycan bazarından əldə olunan gəlirlər həmin şirkətlərin ümumi gəlirləri ilə müqayisədə kiçik məbləğ təşkil edə bilər. Lakin bu, məsələnin Azərbaycan üçün əhəmiyyətini azaltmır.

Çıxışının son hissəsində isə Şıxlı bu mövzu ilə bağlı Ömər bəyə də müraciət etdiyini, Mirqədirovun 1000–1500 manat qazancı ilə əlaqədar məsələni qeyd etdiyini və həmin məlumatı təqdim etmək istədiyini bildirib. O, həmçinin 10 min manat vermək istədiyini ifadə edib.

Əli Şəyəldiyev

Azmedia.Az