Daşqında ölənlər tanınmaz hala düşüb - Kimliklərini müəyyən edə bilmirlər

Daşqında ölənlər tanınmaz hala düşüb -

Nepal və Çin sərhədində baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 626-ya yüksəlib. Fəlakət nəticəsində 2 426 nəfərin itkin düşdüyü bildirilir.

Azmedia.Az xəbər verir ki, Nepal Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Təşkilatının (NDRRMA) məlumatına görə, itkin düşənlər arasında 517 xarici vətəndaş da var.

Fəlakət zamanı bölgədə çoxlu sayda xarici turistin olduğu bildirilir. Onların bir qisminin hindular və buddistlər üçün müqəddəs sayılan Kaylaş dağına ziyarətə getdiyi qeyd olunur.

Fəlakətin ən ağır nəticələrindən biri meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. Nepalın Çitvan bölgəsində indiyədək 233 meyit aşkarlanıb. Onlardan yalnız dördünün kimliyi müəyyən edilib.

Rəsmilər bildiriblər ki, çay sahillərindən və tibb müəssisələrindən çıxarılan meyitlərin bir hissəsi uzun müddət suda qaldığı üçün vizual olaraq tanınmaz vəziyyətə düşüb. Hazırda 229 şəxsin kimliyinin müəyyənləşdirilməsi üçün DNT nümunələri götürülür.

Çinin Tibet Muxtar Bölgəsində isə daşqınlar nəticəsində ölənlərin sayı 7-yə çatıb, 554 nəfər itkin düşüb.//qafqazinfo