35 ildən sonra Kevin Makkallister geri qayıdır: “Evdə tək” filminin davamı çəkilir

35 ildən sonra Kevin Makkallister geri qayıdır: “Evdə tək” filminin davamı çəkilir

“20th Century Studios” kino studiyası məşhur “Evdə tək” filminin davamını ekranlaşdırmağa hazırlaşır. Yeni layihədə Makoley Kalkin yenidən Kevin Makkallister obrazını canlandıracaq. Yetkinlik yaşına çatmış Kevinin həyatından bəhs edəcək film hazırda ilkin hazırlıq mərhələsindədir.

Azmedia.Az xəbər verir ki, filmin ssenari müəllifləri və prodüserləri Set Roqen və Evan Qoldberq olacaq. Ekran əsərinin süjetinə dair təfərrüatlar hələlik açıqlanmayıb.

Qeyd edək ki, təxminən bir il əvvəl Makoley Kalkin “Evdə tək” filminin davamında Kevin Makkallister roluna qayıtmağa qarşı olmadığını açıqlamışdı. Aktyor həmin vaxt yetkinləşmiş qəhrəmanın övladını təkbaşına böyütdüyü, lakin ona lazımi diqqət göstərmədiyi süjet xəttini təklif etmişdi.

Təklif olunan ssenariyə əsasən, hadisələrin birində uşaq atasından o qədər inciyir ki, onu evə buraxmır və müxtəlif tələlər hazırlayır.

Bununla belə, “Evdə tək” filminin rejissoru Kris Kolambus franşizanın yenidən ekranlaşdırılmasını istəmədiyini bildirmişdi.

“Mən hesab edirəm ki, “Evdə tək” özünəməxsus, tarixdə təkrarlanması mümkün olmayan xüsusi bir hadisədir. 35 il əvvəl çəkdiyimiz işi yenidən yaratmağa çalışmaq səhv olardı. Düşünürəm ki, bu layihəni olduğu kimi saxlamaq daha yaxşıdır”, – deyə Kolambus qeyd etmişdi.