ABŞ-İran qarşıdurmasında yeni gərginlik: Beş neft tankeri vuruldu- VİDEO

ABŞ-İran qarşıdurmasında yeni gərginlik: Beş neft tankeri vuruldu-

ABŞ Silahlı Qüvvələri İrana məxsus beş neft tankerini sıradan çıxarıb. Hadisə ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə qarşı ballistik raket hücumlarının həyata keçirilməsindən sonra baş verib. 

Azmedia.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

CENTCOM-un açıqlamasında bildirilib ki, İslam İnqilabı Keşikçiləri Korpusu son iki gün ərzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə iki dəfə ballistik raketlərlə hücum edib.

Qeyd olunub ki, bu hücumlardan sonra sentyabrın 8-də CENTCOM qüvvələri İrana məxsus beş neft tankerini məhv edib. 

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının məlumatına görə, zərbələr Oman körfəzində hərəkətdə olan “Kaviz”, “Charminar”, “Horizon 1” və “Riesco” adlı neft tankerlərinə endirilib.

Bundan başqa, Xark adası yaxınlığında yerləşən “Derya” gəmisi də ABŞ qüvvələrinin zərbəsinə məruz qalıb. 

CENTCOM-un bəyanatında, həmçinin xatırladılıb ki, sentyabrın 5-də ABŞ hərbçiləri İslam Respublikasına məxsus daha üç neft tankerini də sıradan çıxarıblar.