ABŞ Kanadadan idxala yeni məhdudiyyətlər tətbiq edir-
ABŞ və Kanada arasında davam edən ticarət qarşıdurması yeni məhdudiyyətlərlə daha da dərinləşib. Vaşinqton Kanadadan gətirilən bir sıra məhsulların idxalını dayandırmaqla yanaşı, 50 faizlik gömrük rüsumlarının tətbiq ediləcəyi malların siyahısını da genişləndirib.
Azmedia.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası sentyabrın 29-dan etibarən Kanadadan idxal olunan bir sıra məhsullara qadağa qoyulması barədə qərar qəbul edib.Yeni məhdudiyyətlər müəyyən spirtli içkilər, süd məhsulları və motosikletlər də daxil olmaqla müxtəlif Kanada mallarını əhatə edir.Ağ Evin yaydığı məlumata əsasən, qərarın qəbul edilməsinə səbəb Kanada tərəfindən ticarət sahəsində ABŞ-yə qarşı ayrı-seçkilik xarakterli addımların atılmasıdır. Bu səbəbdən qeyd olunan məhsulların ABŞ bazarına idxalı sentyabrın 29-dan etibarən qadağan ediləcək.
Bununla yanaşı, ABŞ hökuməti Kanadadan gətirilən və 50 faizlik gömrük rüsumuna cəlb olunacaq məhsulların siyahısını da genişləndirib.
Yeni tədbirlərin sentyabrın 15-dən qüvvəyə minəcəyi bildirilir. Siyahıya bəzi alüminium və polad məmulatları, həmçinin mebel və kağız məhsulları əlavə olunub.Eyni zamanda, sement və texniki duz yeni siyahıdan çıxarılıb.Bundan əvvəl, sentyabrın 8-də Donald Tramp ABŞ-nin aidiyyəti qurumlarına Kanada məhsullarının ümumi dəyəri ildə 50 milyard dollar təşkil edən dövlət satınalmaları planlarından çıxarılması barədə göstəriş verib.
ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir isə avqust ayında açıqlamasında rəsmi Ottavanın ABŞ üçün sərfəli hesab edilən ikitərəfli ticarət sazişindən imtina etdiyini bildirib.
Bu vəziyyətin fonunda avqustun 22-dən etibarən Kanadanın bir sıra məhsullarına ABŞ tərəfindən 50 faizlik idxal rüsumlarının tətbiqinə başlanılıb.
Kanadanın Baş naziri Mark Karni isə ABŞ ilə ticarət danışıqlarının dayandırılması barədə qərarı təsdiqləyib. O, eyni zamanda Ottavanın Birləşmiş Ştatlardan idxal olunan məhsullara qarşı cavab rüsumları tətbiq edəcəyini açıqlayıb. Mark Karni ABŞ və Kanada arasında artıq “ticarət müharibəsi”nin başladığını bəyan edib. Kanada hökumətinin başçısı bu qarşıdurmanın Vaşinqton tərəfindən başladıldığını iddia edib.
Daha sonra Donald Tramp ABŞ-nin 2027-ci il yanvarın 1-dən etibarən Kanadadan gətirilən avtomobillərə, ehtiyat hissələrinə və polada 50 faizlik rüsum tətbiq etməyi planlaşdırdığını açıqlayıb.
Sentyabrın 8-də isə Kanada tərəfi ABŞ-nin addımlarına cavab olaraq Birləşmiş Ştatlardan idxal olunan məhsullara qarşı yüksək gömrük rüsumları tətbiq edib.


