Azərbaycan Prezidentindən Tacikistanın dövlət müstəqilliyinin 35 illiyi münasibətilə təbrik-
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ölkənin dövlət müstəqilliyinin 35-ci ildönümü münasibətilə təbrik məktubu göndərib.
Azmedia.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona təbrik məktubu ünvanlayıb.
Məktubda Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35-ci ildönümü münasibətilə Emoməli Rəhmona və onun simasında bütün Tacikistan xalqına Azərbaycan Prezidenti və Azərbaycan xalqı adından səmimi təbriklər və xoş arzular çatdırılıb.
İlham Əliyev qeyd edib ki, ötən 35 il ərzində Emoməli Rəhmonun uzaqgörən və qətiyyətli rəhbərliyi ilə Tacikistan dövlət quruculuğu, daxili sabitliyin təmin olunması və sosial-iqtisadi inkişaf istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edib. Bildirilib ki, ölkə qlobal arenada öz nüfuzunu və mövqeyini də möhkəmləndirib.
Prezident vurğulayıb ki, Tacikistanın müstəqillik tarixi və qazandığı bütün uğurlar Emoməli Rəhmanın adı ilə sıx bağlıdır.
Məktubda ortaq dini-mədəni və tarixi köklərə söykənən Azərbaycan-Tacikistan dostluğu və qardaşlığının möhkəmlənməsinin, eləcə də bu münasibətlərin yeni məzmunla zənginləşməsinin məmnunluq doğurduğu bildirilib.
Dövlət başçısı qeyd edib ki, yüksək səviyyəli fəal dialoq, müntəzəm təmaslar və sıx əməkdaşlıq iki ölkə arasındakı əlaqələrin daha sürətli inkişafına və dərinləşməsinə imkan yaradır.
İlham Əliyev əminliyini ifadə edib ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Tacikistan əlaqələri, həmçinin strateji tərəfdaşlıq bundan sonra da birgə səylər nəticəsində inkişaf dinamikasını qoruyacaq və daha da möhkəmlənəcək.
Prezident məktubunun sonunda Emoməli Rəhmona möhkəm cansağlığı, xoşbəxtlik və məsul fəaliyyətində uğurlar arzulayıb. İlham Əliyev qardaş Tacikistan xalqına isə daim əmin-amanlıq, rifah və firavanlıq diləyib.


