Prezident büdcədənkənar vəsaitlərin istifadəsi ilə bağlı yeni qaydalar müəyyənləşdirdi-

Prezident büdcədənkənar vəsaitlərin istifadəsi ilə bağlı yeni qaydalar müəyyənləşdirdi-

Prezident İlham Əliyev dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və büdcədən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında fərman imzalayıb.

Azmedia.Az xəbər verir ki, fərmana əsasən, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsindən yalnız həmin təşkilatlarda “Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq inzibati və yardımçı vəzifə tutmayan əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə istifadə ediləcək. 

Qərara əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatların, istisna edilən qurumlar nəzərə alınmaqla, büdcədənkənar vəsaitlərinin digər hissəsi dövlət büdcəsinə köçürüləcək.

Fərmanda büdcədənkənar vəsaitlər hesabına ödənilən vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri də müəyyənləşdirilib.

Belə ki, vəzifə maaşına əlavələrin məbləği təqvim ayı ərzində hər bir işçiyə münasibətdə onun aylıq vəzifə maaşının 1 mislinədək müəyyən edilib.

Mükafat və digər ödənişlər üzrə isə təqvim ili ərzində limit illik əməkhaqqı fondunun 20 faizinədək olacaq. 

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görmək tapşırılıb.

Bundan başqa, Maliyyə Nazirliyi bir ay müddətində bir sıra məsələlərlə bağlı təkliflərini Prezidentə təqdim etməlidir.

Həmin məsələlərə dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının ləğv edilməsi və həmin fondların mədaxil mənbələrindən istifadə olunması, normativ hüquqi aktların təkmilləşdirilməsi, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin formalaşdırılması, toplanılması, istifadəsi və uçotunun aparılması qaydasının müəyyənləşdirilməsi daxildir.

Eyni zamanda, Prezidentin İşlər İdarəsinin və Xüsusi Tibb Xidmətinin tabeliyində olan qurumların göstərdiyi ödənişli xidmətlərdən əldə edilən vəsaitlərin formalaşdırılması və istifadəsi ilə bağlı təkliflərin hazırlanması da Maliyyə Nazirliyinə həvalə olunub.