İlham Əliyev Hindistanın xarici işlər naziri ilə görüşüb- FOTO

İlham Əliyev Hindistanın xarici işlər naziri ilə görüşüb-

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarla görüş keçirib. Tərəflər ikitərəfli əlaqələrin hazırkı vəziyyətini və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Azmedia.Az xəbər verir ki, görüşün əvvəlində Hindistanın xarici işlər naziri ölkə Prezidenti Draupadi Murmunun və Baş nazir Narendra Modinin salamlarını Azərbaycan dövlət başçısına çatdırıb. O, həmçinin Azərbaycan Prezidenti ilə Hindistanın Baş naziri arasında Bişkekdə baş tutan görüşü xatırladıb və Azərbaycana Narendra Modinin tapşırığı əsasında səfər etdiyini bildirib.

Prezident İlham Əliyev salamlarına görə minnətdarlığını ifadə edib və öz salamlarının da Hindistan Prezidentinə və Baş nazirinə çatdırılmasını xahiş edib.

Dövlət başçısı Narendra Modi ilə Bişkekdə keçirdiyi görüşü və həmin görüş zamanı aparılan fikir mübadiləsini məmnunluqla xatırlayıb. İlham Əliyev Hindistanın xarici işlər nazirinin Baş nazirin tapşırığı ilə Azərbaycana səfərini yüksək qiymətləndirib. O, bu səfərin iki ölkə arasındakı münasibətlərin mövcud vəziyyətinin və gələcək inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.

Görüş zamanı Azərbaycan ilə Hindistan arasında əlaqələrin hazırkı vəziyyəti ətraflı müzakirə edilib. Qarşılıqlı maraq doğuran istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğu qeyd olunub.

Tərəflər Azərbaycanın və Hindistanın Qlobal Cənubun bir hissəsi kimi beynəlxalq gündəlikdə yer alan, o cümlədən Qlobal Cənub ölkələrini narahat edən bir sıra məsələlər üzrə oxşar maraqlara malik olduqlarını vurğulayıblar. Bu çərçivədə siyasi, iqtisadi-ticari, yüksək texnologiyalar, mədəniyyət, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyəti də diqqətə çatdırılıb. İkitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə siyasi təmasların intensivləşdirilməsinin, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşkilinin, eləcə də iqtisadiyyat və biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin vacibliyi vurğulanıb.