Evdə ən çox pulu bu texnika "yeyir"
Elektrik enerjisi tariflərinin ailə büdcəsində əhəmiyyətli yer tutduğu bir vaxtda evdə ən çox elektrik sərf edən məişət avadanlıqları da maraq doğurur.
Bir çoxları hesab edir ki, elektrik enerjisinin əsas hissəsini televizor və ya işıqlandırma sərf edir. Halbuki, ən böyük pay yüksək güclə işləyən məişət texnikalarının üzərinə düşür.
Azmedia.Az xəbər verir ki, sfera.az bu barədə araşdırma hazırlayıb.
Mütəxəssislərin hesablamalarına görə, evdə ən çox elektrik enerjisi sərf edən cihaz kondisionerdir.
Gücündən asılı olaraq kondisioner saatda orta hesabla 0,8-2,5 kilovat-saat (kVt/saat) elektrik enerjisi istifadə edir. Gündə 8 saat işləyən 1800 vatt gücündə kondisioner ay ərzində 430 kVt/saatdan çox elektrik sərf edə bilər.
Siyahıda ikinci yerdə elektrik sobaları və bişirmə panelləri qərarlaşıb. Onların gücü 2-5 kilovat arasında dəyişir.
Gündə cəmi bir saat istifadə edildikdə belə, ay ərzində 60-150 kVt/saat elektrik sərf oluna bilər. Ən çox enerji istifadə edən cihazlar sırasında elektrik su qızdırıcıları (boyler) da yer alır. Orta hesabla 1500-3000 vatt gücə malik boyler gündə 3 saat işlədikdə aylıq təxminən 180 kVt/saat elektrik enerjisi sərf edir.
Paltaryuyan və qabyuyan maşınlar da elektrik enerjisindən xeyli istifadə edən məişət texnikaları hesab olunur. Bunun əsas səbəbi suyun yüksək temperaturda qızdırılmasıdır. İstifadə intensivliyindən asılı olaraq paltaryuyan maşın ay ərzində 10-40 kVt/saat, qabyuyan maşın isə 20-50 kVt/saat elektrik sərf edə bilir.
Soyuducu gün ərzində fasilələrlə işləsə də, müasir enerji səmərəli modellər ayda orta hesabla 20-60 kVt/saat elektrik istifadə edir. Elektrik çaydanı, ütü və fen yüksək gücə malik olsa da, qısa müddət işlədikləri üçün onların aylıq elektrik sərfiyyatı nisbətən aşağı olur. Televizor və kompüterlər isə geniş istifadə edilməsinə baxmayaraq, ümumi elektrik istehlakında ilk sıralarda yer almır.
Mütəxəssislər elektrik enerjisinə qənaət etmək üçün kondisionerin 24-26 dərəcə temperaturda işlədilməsini, A++ və A+++ enerji sinifli məişət texnikalarından istifadə olunmasını, cihazların "stand-by" rejimində saxlanılmamasını, həmçinin paltaryuyan və qabyuyan maşınların tam dolduqdan sonra işə salınmasını tövsiyə edirlər. Araşdırmalara əsasən, ev təsərrüfatlarında elektrik enerjisi sərfiyyatının ən böyük hissəsini istilik yaradan və yüksək güclə işləyən məişət avadanlıqları təşkil edir. Bu cihazlardan səmərəli istifadə aylıq elektrik xərclərinin azalmasına ciddi təsir göstərə bilər.


