Mingəçevirdə güclü külək ağacları aşırıb, müxtəlif ərazilərə ziyan dəyib- FOTO

Mingəçevirdə güclü külək ağacları aşırıb, müxtəlif ərazilərə ziyan dəyib-

Mingəçevirdə günorta saatlarından əsən güclü külək şəhərin bir sıra ərazilərində fəsadlara səbəb olub.

Azmedia.Az xəbər verir ki, güclü külək nəticəsində Heydər Əliyev prospektində, N. Nərimanov, Ş.İ. Xətai, Aydın Məmmədov, Təbriz, Naxçıvan, M.Ə. Sabir, Həzi Aslanov küçələrində, Gəncə şossesində və digər istiqamətlərdə çoxsaylı ağaclar aşıb.

Məlumata görə, bəzi ağaclar bütöv halda, bəziləri isə qismən kökündən və gövdəsindən ayrılaraq nəqliyyat yollarına, hasarlara, parklara və xiyabanlara düşüb.

Aşan ağaclar bir sıra ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə məhdudiyyət yaradıb. Həmçinin bəzi hasarlara ziyan dəyib. Naxçıvan küçəsində internet xətti və dirəyinin də zədələndiyi bildirilir.

Bundan başqa, Puşkin küçəsində aşan ağacın avtomobilə zərər vurduğu qeyd olunur.

Hadisələrin baş verdiyi ərazilərə dərhal Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşları cəlb olunub. Əməkdaşlar güclü küləyin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər həyata keçiriblər.

Ehtiram Muradov

Azmedia.Az