Nobel laureatı Əziz Səncərə Azərbaycan ordeni təqdim edildi-

Nobel laureatı Əziz Səncərə Azərbaycan ordeni təqdim edildi-

Nobel mükafatı laureatı Əziz Səncərin Azərbaycanla beynəlxalq elmi və humanitar əməkdaşlığın möhkəmləndirilməsinə xidmətləri dövlət səviyyəsində qiymətləndirilib.

Azmedia.Az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib.

Alim bu dövlət təltifinə Azərbaycan Respublikasının beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə layiq görülüb.

1946-cı ildə Mardində anadan olan Əziz Səncər ilk və orta təhsil mərhələlərini də burada keçib. O, 1969-cu ildə İstanbul Universitetinin tibb fakültəsini birinciliklə başa vurub.

Sonrakı mərhələdə doktorantura təhsilini Texas Universitetində tanınmış alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya proqramı üzrə davam etdirib.

1977-1982-ci illərdə Yel Universitetində tibb üzrə dərs deyən Əziz Səncər 2001-ci ildə Amerika Kimya Cəmiyyətinin təqdim etdiyi Şimali Karolina Seçilmiş Kimyaçı mükafatına layiq görülüb.

2005-ci ildə o, ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk amerikalı türk olub.

Əziz Səncər daha sonra həyat yoldaşı ilə birlikdə ABŞ-nin Şimali Karolina ştatında “Karolina Türk Evi”ni yaradıb. Bu qurum vasitəsilə ABŞ-də təhsil alan türk tələbələrə dəstək göstərməyə başlayıb.

Alim 2015-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülüb.