Müəllimlərin geyimi necə olacaq? – DETALLAR
"Məktəblərin açılmasına artıq müəyyən sayda gün qalıb. Müəllimlərdə də forma olacağını ümid edirəm. Hər məktəbdə formalar fərqli də ola bilər, eyni də ola bilər. Məktəblərdə müəllimlərin uniformalarının olmasını mən keçən müsahibələrimin birində də açıqlamışdım və bildirmişdim ki, çox doğru verilmiş bir qərardır. Çünki məktəbdə müəllimin şagird tərəfindən seçilməsi üçün standart bir geyim olmalıdır. Xüsusilə də qadın müəllimlərin geyimlərinin məktəb formasında olması daha əlverişli və məqsədəuyğundur".
Azmedia.Az xəbər verir ki, bu fikirləri redaktor.az-a danışan təhsil eksperti Elçin Murad bildirdi. O əlavə etdi ki, kişi müəllimlərdə onsuz da kostyum, şalvar, qalstuk, köynək kimi standart bir geyim növü var:
"Amma hər müəllim fərqli rəngdə geyinəndə yenə də ümumi formalaşma olmurdu. İndi də müəllimlərdə, kişi müəllimlərdə ənənəvi sistem dəyişməyəcək. Onlar yenə də öz kostyumunu, şalvarını, köynəyini, qalstukunu geyinəcək, sadəcə, eyni rəngdə olacaq. Qadın müəllimlərdə də geyim eyni formada olacaq. Bu da ümumiyyətlə şagirdin qarşısındakının kim olduğunu anlamasına, özünü yığışdırmasına, dərk etməsinə, müəllimin kim olduğunu və burada niyə olduğunu anlamasına müəyyən qədər köməklik edəcək.
Düzdür, çox adam arqument gətirə bilər ki, geyimin təhsilin keyfiyyətinə, təlimin keyfiyyətinə aidiyyəti yoxdur. Amma vardır. Yəni təhsil, birincisi, intizamdan başlayır. İntizamın olmadığı, qayda-qanunun olmadığı yerdə keyfiyyətli təhsildən söhbət gedə bilməz. Qaldı ki, özümlə bağlı məsələyə, mən orta məktəbdə fəaliyyət göstərmirəm. Özəl fəaliyyət göstərirəm, özəl tədris müəssisəsində fəaliyyət göstərirəm. Özümün tədris müəssisəsidir. Orada fəaliyyət göstərdiyim üçün hər hansı bir standart geyim norması da, təbii ki, olmur. Özümün şəxsi geyim forması nədirsə, odur. Yəni bu, hazırda özəl sektorlara, kurslara və başqa hər hansı özəl tədris müəssisələrinə yox, liseylər və digər dövlətin nəzdində olan dövlət orta məktəblərinə aiddir".//redaktor


