Bakıda məktəblə bağlı narazılıq: Valideynlər övladlarının başqa məktəblərə yönləndiriləcəyini deyirlər- VİDEO
Bakının Binəqədi rayonunda yerləşən 313 nömrəli tam orta məktəbdə 9-cu sinif şagirdlərinin valideynləri ilə bağlı məsələ narazılığa səbəb olub. Valideynlər övladlarının təhsillərini davam etdirməsi ilə bağlı çətinlik yarandığını bildirirlər.
Azmedia.Az xəbər verir ki, bununla bağlı paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdlərinin valideynləri “Xəzər Xəbər”in qaynar xəttinə müraciət ediblər.
Valideynlərin sözlərinə görə, övladları doqquzillik ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında 100-dən aşağı nəticə göstəriblər.
Onların bildirdiyinə görə, məktəbin təmayül tədris modelinə keçməsi ilə əlaqədar şagirdlərin digər məktəblərə yönləndiriləcəyi barədə məlumat verilib.
Valideynlər həmçinin iddia edirlər ki, övladlarının məktəbdən kənarlaşdırılması ilə bağlı məlumat onlara yalnız bir neçə gün əvvəl çatdırılıb.
Onların sözlərinə əsasən, məsələdən gec xəbərdar olduqları üçün Sulutəpə qəsəbəsindəki digər məktəblərdə övladları üçün boş yer tapmaqda çətinlik çəkirlər.
Valideynlər peşə məktəblərinə qəbul üçün müraciət imkanını da vaxtında dəyərləndirə bilmədiklərini bildiriblər.
///xəzər.tv


