Bakıda qadını hədələdiyi iddia edilən taksi sürücüsü saxlanıldı- FOTO
Bakı-Sumqayıt yolunda qadın sərnişinlə bağlı yayılan şikayətdən sonra taksi sürücüsü polis tərəfindən saxlanılıb. “Bolt” şirkəti isə məsələ ilə bağlı açıqlama verib.
Azmedia.Az xəbər verir ki, bu barədə BAKU.WS məlumat yayıb.
Məlumata görə, polis xanım sərnişinə qarşı hüquqazidd hərəkətlər törədən sürücünü müəyyən edərək saxlayıb. Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülür.
Qeyd edək ki, hadisə ilə bağlı məlumat oktyabrın 21-də yayılıb. Elvira Vəliyeva adlı qadın sosial şəbəkədə paylaşdığı videomüraciətdə Bakı-Sumqayıt yolunda “Bolt” şirkətinə məxsus taksinin sürücüsünün onu hədələdiyini və avtomobilin qapılarını kilidlədiyini iddia edib.
Şikayətçinin sözlərinə görə, 4 manatlıq gediş üçün sürücü ondan 7 manat tələb edib. Qadın əlavə ödəniş etməkdən imtina etdikdən sonra avtomobildən çıxmağa çalışarkən yıxılaraq xəsarət alıb. O, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verdiyini, çantasının isə avtomobildə qaldığını bildirib.
Məsələ ilə bağlı “Bolt” şirkəti BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, Elvira Vəliyevanın 20 oktyabr 2026-cı il tarixli paylaşımı əsasında sistemdə yoxlama aparılıb.
Şirkətin açıqlamasında qeyd olunub ki, hazırda paylaşımda təsvir edilən hadisəyə uyğun səfər və ya “Bolt Send” sifarişi, eləcə də göstərilən avtomobil nömrəsi istifadəçinin hesabı üzrə qeydə alınmayıb. Həmçinin bu məsələ ilə bağlı Müştəri Dəstəyinə müraciət daxil olmayıb.
“Bolt” sərnişinlərə hər hansı problemlə qarşılaşdıqları halda tətbiqdə müvafiq sifarişi seçərək Müştəri Dəstəyinə müraciət etməyi tövsiyə edib. Şirkət bildirib ki, bu, vəziyyətin operativ araşdırılmasına və zərurət yarandıqda müvafiq tədbirlərin görülməsinə imkan verir.


