Ramiz Mehdiyev evindən ifadə verdi, qızı məhkəməyə gəldi – Əli Kərimlinin işində GÖZLƏNİLMƏZ DÖNÜŞ
Əli Kərimlinin məhkəmə prosesində şahidlərin dindirilməsi yekunlaşıb. Prosesdə Ramiz Mehdiyev videokonfrans vasitəsilə iştirak edib, daha sonra isə onun qızı Kamilə Əliyeva dindirilib.
Azmedia.Az xəbər verir ki, məlumata görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin məhkəmə istintaqı yekunlaşmaq üzrədir.
Məlumata əsasən, bugünkü məhkəmə iclasında şahidlərin dindirilməsi başa çatıb.
Prosesdə Prezident Administrasiyasının sabiq rəhbəri, şərti məhkum Ramiz Mehdiyev videokonfrans vasitəsilə ifadə verib. O, evindən qoşulduğu məhkəmə iclasında Əli Kərimli ilə bağlı ünvanlanan sualları cavablandırıb.
Daha sonra Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva sonuncu şahid kimi hakim qarşısında ifadə verib.
Bununla da iş üzrə bütün şahidlərin dindirilməsi yekunlaşıb. Dekabrın 1-də məhkəmədə iş materiallarının tədqiqinə başlanılacaq.
Qeyd edək ki, Əli Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs ediliblər.
Ramiz Mehdiyev barəsində isə artıq hökm çıxarılıb. O, 14 il müddətinə azadlıqdan məhrum edilib. Lakin yaşı və səhhəti ilə əlaqədar cəzası şərti hesab olunub.

