Kürdə təşkil olunan qayıq turları Mingəçevirdə turizmi canlandırır - FOTOLAR

Kürdə təşkil olunan qayıq turları Mingəçevirdə turizmi canlandırır -

Kür çayında qayıq gəzintiləri Mingəçevirdə turizmin inkişafına önəmli töfhə verir.

Azmedia.Az-a bu fikirləri Kür çayı üzərindəki limanın fəaliyyətinə məsul olan təcrübəli qayıqçı Qardaşəli İmanov söyləyib. Onun sözlərinə görə, hazırda limanda gəzinti məqsədilə 30-a yaxın kiçik tutumlu gəmilər və qayıqlar yan alır. Qeyd etmək lazımdır ki, mövsüm boyu Sahil parkı şəhər sakinlərinin və şəhərin qonaqlarının ən çox sevdiyi ünvanlardan birinə çevrilir. Hətta vaxtaşırı   burada çox sayda əcnəbi turistlərə də rast gəlmək olur. Kimliyindən asılı olmayaraq böyüklü kiçikli hər kəs ilk növbədə limanda yan alan qayıqlarla çay gəzintisinə çıxmağa böyük həvəs və istək göstərir. Qardaşəli İmanovun sözlərinə görə qayıqlar təhlükəsizlik vasitələrinin təminatı altında üzür. Qayıq gəzintisi həvəskarlarına burada ucuz və maraqlı turlar təklif olunur. O cümlədən, Kür çayında dövrə, adaya səyahət də bu qəbildəndir. Həmçinin gəmilərdə çay üzərində ad günü kimi xüsusi anları yaşamaq arzusunda olanlar da yetərincədir. Həm də səyahət boyu sərnişinlərin arzusuna və sifarişlərinə uyğun onlara müxtəlif iaşə xidmətləri göstərilir. Qayıq sürücüləri arasında yetərincə təcrübəli şəxslər yer alır, eyni zamanda yeni başlayanlara da rast gəlmək olur. Onlara hədəfləri barədə sual etsən yalnız bir cavab eşidirsən -"Mingəçevir çimərlikləri, çayı və yaşıllıqları ilə əsl turizm şəhəridir. Bizim üzərimizə düşən əsas vəzifə Mingəçevirin turizm potensialının möhkəmlənməsinə və şəhərə daha böyük turist axınının təmin edilməsinə yardımçı olub töfhə vetməkdir".

Ehtiram Muradov

Azmedia.Az