10 nəfəri öldürən İsanın anası yenidən həbs edildi

10 nəfəri öldürən İsanın anası yenidən həbs edildi

Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum edərək bir müəllim və 9 şagirdin ölümünə, 15 şagirdin yaralanmasına səbəb olan İsa Aras Mersinlinin anası Peyman Pınar Mersinli yenidən həbs edilib.

Azmedia.Az xəbər verir ki, məhkəmənin ilk iclasında azadlığa buraxılan Peyman Pınar Mersinli prokurorluğun apellyasiya şikayəti əsasında Kahramanmaraş 4-cü Ağır Cinayət Məhkəməsinin qərarı ilə yenidən həbsə göndərilib.

Kahramanmaraş 3-cü Ağır Cinayət Məhkəməsində keçirilən ilk iclasda İsa Aras Mersinlinin atası Uğur Mersinlinin həbsdə saxlanılmasına, anası Peyman Pınar Mersinlinin isə azadlığa buraxılmasına qərar verilmişdi.

Kahramanmaraş Baş Prokurorluğu mövcud dəlilləri nəzərə alaraq Peyman Pınar Mersinlinin azadlığa buraxılması ilə bağlı qərardan apellyasiya şikayəti verib.

Yüksək məhkəmə instansiyası kimi fəaliyyət göstərən Kahramanmaraş 4-cü Ağır Cinayət Məhkəməsi şikayətə baxaraq Peyman Pınar Mersinlinin yenidən həbs edilməsinə qərar verib. Osmaniyədə saxlanılan Mersinli lazımi prosedurlardan sonra həbsxanaya göndərilib.

Kahramanmaraş Baş Prokurorluğunun hazırladığı 43 səhifəlik ittihamnamədə Uğur Mersinlinin 10 nəfərə qarşı “mümkün qəsdən adam öldürmə”, 15 nəfərə qarşı “mümkün qəsdən adam öldürmə” və “Odlu silah, bıçaq və digər alətlər haqqında Qanunu pozma” maddələri ilə cəzalandırılması tələb olunur.

Peyman Pınar Mersinlinin isə “şüurlu səhlənkarlıq nəticəsində birdən çox insanın ölümünə və yaralanmasına səbəb olma” maddəsi ilə cəzalandırılması istənilir.

Qeyd edək ki, aprelin 15-də Kahramanmaraşdakı Ayşə Çalık Orta Məktəbində İsa Aras Mersinlinin həyata keçirdiyi silahlı hücum nəticəsində müəllim Ayla Kara və 9 şagird həyatını itirib, 15 şagird yaralanıb.//qafqazinfo