Dövlət büdcəsinin gəlirləri 26,5 milyard manata yaxınlaşıb

Dövlət büdcəsinin gəlirləri 26,5 milyard manata yaxınlaşıb

2026-cı ilin ilk səkkiz ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri üzrə proqnoz göstəricisi 3 faiz üstələnib.

Azmedia.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında dövlət büdcəsinin icrası üzrə müsbət dinamika qeydə alınıb. Hesabat dövründə xəzinə əməliyyatları ilə bağlı müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, operativ və səhvsiz icrası təmin olunub. Xəzinədarlıq orqanları tərəfindən 864 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib. 

Məlumata əsasən, cari ilin yanvar-avqust aylarında dövlət büdcəsinin gəlirləri 26 milyard 486,5 milyon manat təşkil edib. Bu göstərici üzrə proqnoz 780,2 milyon manat və ya 3 faiz üstələnib.

Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında əsas mənbələrdən biri İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar olub. Belə ki, həmin istiqamət üzrə büdcəyə 12 milyard 619,1 milyon manat vəsait daxil olub. Bu məbləğ proqnoz göstəricisindən 900,1 milyon manat və ya 7,7 faiz çoxdur. 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 37,7 milyon manat təşkil edib. Bu istiqamətdə proqnoz 7,3 milyon manat və ya 23,8 faiz üstələnib.

Digər daxilolmalar üzrə isə dövlət büdcəsinə 462,5 milyon manat vəsait daxil olub ki, bu da proqnozdan 77,1 milyon manat və ya 20 faiz çoxdur.

Hesabat dövründə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin həcmi 8 milyard 559 milyon manat təşkil edib və bu istiqamət üzrə proqnoz tam icra olunub. 

Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 milyard 326,9 milyon manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 481,3 milyon manat olub.

Yanvar-avqust aylarında dövlət büdcəsinin xərcləri 22 milyard 770,6 milyon manat səviyyəsində icra edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 462,5 milyon manat və ya 2,1 faiz çoxdur.

Bundan əlavə, 2026-cı ilin ilk səkkiz ayında icmal büdcənin gəlirləri 32 milyard 799,6 milyon manat, xərcləri isə 26 milyard 967,5 milyon manat təşkil edib.