Azərbaycanda ilk dəfə “Mikrosahibkarların Forumu 2026” keçiriləcək

Azərbaycanda ilk dəfə “Mikrosahibkarların Forumu 2026” keçiriləcək

Oktyabrın 24-də Bakıda mikrosahibkarların bilik və təcrübə mübadiləsinə, eləcə də peşəkar əlaqələrinin genişləndirilməsinə həsr olunan forum təşkil ediləcək.

Azmedia.Az xəbər verir ki, 2026-cı il oktyabrın 24-də saat 10:00-da Nizami Kino Mərkəzində Azərbaycanda ilk dəfə “Mikrosahibkarların Forumu 2026” keçiriləcək.

Forum Bakı Şəhər Gənclər və İdman İdarəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəsmi tərəfdaşlığı, AZIMLI Company və Notify Group MMC-nin təşkilatçılığı ilə baş tutacaq.

Tədbirin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən, eləcə də sahibkarlığa yeni başlayan şəxslərə praktik biliklər qazandırmaq, real təcrübə mübadiləsi aparmaq və peşəkar əlaqələr qurmaq üçün imkan yaratmaqdır.

“Möhkəm Təməl • Güclü Brend • Uğurlu Sahibkar” konsepti əsasında təşkil ediləcək forumun proqramı üç əsas istiqaməti əhatə edəcək:

1.Psixoloji hazırlıq;

2.Hüquqi və maliyyə əsasları;

3.Marketinq, brendinq və satış.

Forum çərçivəsində 9 ekspert və 3 moderatorun iştirakı, həmçinin 3 panel müzakirəsinin təşkili nəzərdə tutulur. Tədbirdə ümumilikdə 500 nəfərlik sahibkar auditoriyasının iştirakı planlaşdırılır.

Forumda dövlət nümayəndələrinin də iştirakı gözlənilir.