Azərbaycanın 89,4 milyard dollarlıq ehtiyatı var – Sahil Babayevdən mühüm açıqlama!
Maliyyə naziri Sahil Babayev Azərbaycanın valyuta ehtiyatlarının həcmini açıqlayıb. O, həmçinin 2027-ci il üçün iqtisadi artım, inflyasiya və neftin qiyməti ilə bağlı proqnozları diqqətə çatdırıb.
Azmedia.Az xəbər verir ki, cari ilin oktyabrın 1-nə olan məlumata əsasən, Azərbaycanın məcmu valyuta ehtiyatları 89,4 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ölkənin xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir və proqnozlaşdırılan illik ümumi daxili məhsulun (ÜDM) 110 faizinə bərabərdir.
Bu barədə maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı məlumat verib.
Nazirin sözlərinə görə, Azərbaycan ÜDM-in həcmindən daha çox valyuta ehtiyatına malik olan azsaylı ölkələr sırasındadır. O bildirib ki, ehtiyatların bu səviyyədə olması makroiqtisadi sabitliyin, milli valyutanın dayanıqlılığının və xarici öhdəliklərin yerinə yetirilməsinin mühüm təminatıdır.
Sahil Babayev qeyd edib ki, 2027-ci ildə Azərbaycanda ümumi daxili məhsulun real ifadədə 2,7 faiz artaraq 141 milyard manata çatacağı proqnozlaşdırılır.
Onun sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində ÜDM-in 77,4 faizinin, yaxud 109,1 milyard manatının qeyri-neft sektorunun payına düşəcəyi gözlənilir. Bu, 2026-cı illə müqayisədə nominal ifadədə 9,1 milyard manat, real ifadədə isə 4,4 faiz artım deməkdir.
Nazir bildirib ki, monetar və fiskal siyasətin əlaqələndirilməsi nəticəsində növbəti ildə də manatın məzənnəsinin 1 ABŞ dolları üçün 1,7 manat səviyyəsində sabit saxlanılması, illik inflyasiyanın isə 5,3 faiz olması proqnozlaşdırılır.
Bundan əlavə, 2027-ci il üçün “Azəri Light” markalı xam neftin dünya bazarlarında bir barelinin orta satış qiymətinin 65 ABŞ dolları səviyyəsində olacağı nəzərdə tutulub.
S.Babayev beynəlxalq maliyyə bazarlarında müşahidə olunan dalğalanmaları nəzərə alaraq, neftin qiymətinin müəyyənləşdirilməsində mühafizəkar yanaşmanın əsas götürüldüyünü vurğulayıb.



