Bu şəhərdə daha bir qurum ləğv edildi – Baş nazir qərar imzaladı
Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti ləğv edilib.
Azmedia.Az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev müvafiq qərar imzalayıb.
Qərara əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2019-cu il 4 noyabr tarixli 411-05/S nömrəli “Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin yaradılması haqqında” Sərəncamı və 2019-cu il 8 noyabr tarixli 182-V FR nömrəli “Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmanı ləğv olunub.
Sənədə əsasən, Xidmətin mülki qanunvericiliyin tələblərinə uyğun şəkildə ləğv edilməsi prosesinin həyata keçirilməsi üçün beş gün müddətində ləğvetmə komissiyası yaradılmalıdır.
Komissiyanın tərkibinə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Arxiv İdarəsinin və Qaz İstismar Xidmətinin nümayəndələrinin daxil edilməsi nəzərdə tutulub.
Həmçinin ləğvetmə prosesinin nəticələri barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim edilməsi qərara alınıb.



