Fermerlər üçün subsidiya qaydalarında mühüm dəyişikliklər – YENİLİK

Fermerlər üçün subsidiya qaydalarında mühüm dəyişikliklər –

Azərbaycanda bağların salınması və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər üçün subsidiya mexanizmlərində bir sıra dəyişikliklər edilib. Yeni qərarla müəyyən tələblər sadələşdirilib, bəzi istiqamətlər üzrə isə subsidiya şərtləri dəyişdirilib.

Azmedia.Az xəbər verir ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, Azərbaycanda bağların salınması zamanı fermerlərin subsidiya əldə etməsini asanlaşdırmaq məqsədilə mövcud tələblərin bir hissəsi sadələşdirilib.

Belə ki, ölkə üzrə bağların salınması zamanı sertifikatlı tingdən istifadə tələbi saxlanılır. Bununla yanaşı, torpağın elektrik keçiriciliyinin – EC göstəricisinin və viruslardan azad olması ilə bağlı analizlərin aparılması tələbi aradan qaldırılıb.

İntensiv texniki və süfrəlik üzüm bağlarına verilən bağçılıq subsidiyasının tətbiq dairəsi də genişləndirilib. Belə subsidiyalar artıq ölkənin bütün ərazisində salınan intensiv texniki və süfrəlik üzüm bağlarına şamil ediləcək.

İntensiv zeytun bağları ilə bağlı minimum sahə tələbində də dəyişiklik edilib. Belə ki, minimum sahə göstəricisi 50 hektardan 5 hektara endirilib. Naxçıvan Muxtar Respublikasında isə bütün bağlar üzrə minimum sahə tələbi 1 hektar müəyyənləşdirilib.

Qərarla intensiv püstə bağları üzrə yüksəklik tələbi də dəyişdirilib. Bu bağların salınmasına icazə verilən yüksəklik həddi 1000 metrədək artırılıb.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında nar bağları ilə bağlı minimum yüksəklik tələbi ləğv edilib. Həmin ərazilərdə zeytun bağları üçün maksimal yüksəklik həddi isə 300 metrədək artırılıb.

Naxçıvan Muxtar Respublikasında qoz bağları ilə bağlı da dəyişiklik edilib. Belə ki, qoz bağlarının salınması üzrə minimum yüksəklik tələbi aradan qaldırılıb.

Qərarda pambıq üzrə məhsul subsidiyasına da dəyişiklik nəzərdə tutulub. Bundan sonra pambıq üzrə subsidiya məbləği istifadə edilən suvarma texnologiyasından asılı olaraq diferensiallaşdırılacaq.

Beləliklə, ənənəvi suvarma üsulundan istifadə edən fermerlər üçün pambıq üzrə məhsul subsidiyası 200 manat/ton, sprinkler və pivot suvarma texnologiyalarından istifadə zamanı 215 manat/ton, damcı suvarma tətbiq edildikdə isə 300 manat/ton müəyyən edilib.