Kiprdə saxlanılan 3 azərbaycanlı ilə bağlı yeni detallar – Rəşadın xilasetmə görüntüləri - VİDEO
Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan üç azərbaycanlının hadisə zamanı sərnişinlərə yardım göstərdiyi və bir neçə şəxsin xilas edilməsində iştirak etdiyi bildirilir.
Azmedia.Az xəbər verir ki, hadisə ilə bağlı bəzi məlumatlarda azərbaycanlıların gəmidən qaçdığı və insanlara kömək etmədiyi iddia olunur. Lakin hadisənin şahidi olan Türkiyə vətəndaşının sözlərinə görə, bu məlumat həqiqəti əks etdirmir.
Şahidin bildirdiyinə əsasən, hadisə zamanı bəzi şəxslər ərazidən uzaqlaşsa da, Rəşad İbrahimov, Qədir Quliyev və Valeh Hümbətov gəmidə qalan insanlara kömək göstəriblər. Onların xüsusilə uşaqların xilas edilməsinə yardım etdiyi qeyd olunur.
Şahid Türkiyə vətəndaşı bildirib ki, hadisə zamanı Rəşad İbrahimov insanların xilas olunması üçün birbaşa müdaxilə edib. Onun sözlərinə görə, Rəşad gəminin batdığını gördükdən sonra şüşəni sındıraraq insanların çıxmasına şərait yaradıb və qoruyucu jileti olmadan bir neçə şəxsin xilas edilməsinə kömək göstərib.
Hadisə ilə bağlı Rəşad İbrahimovun insanları xilas etməsini əks etdirən foto və video materialların da mövcud olduğu bildirilir. Həmin görüntülərin hadisənin gedişatı və azərbaycanlıların göstərdiyi yardımın araşdırılması baxımından əhəmiyyət daşıdığı qeyd olunur.
Türkiyə vətəndaşı həmçinin bildirib ki, onun ata və anası da öz ifadələrində azərbaycanlıların hadisə zamanı insanlara yardım göstərdiyini təsdiqləyib. Onların azərbaycanlıların necə kömək etdikləri barədə əlavə məlumat verməyə və bu barədə şahidlik etməyə hazır olduqları bildirilir.
Məlumata görə, hadisə ilə bağlı üç Azərbaycan vətəndaşı – Bakıda yaşayan Rəşad İbrahimov, Şabran rayonunun Xaçmaz rayonunun Palçıqoba kənd sakini Qədir Quliyev və Valeh Hümbətov saxlanılıb.
Yaxınlarının sözlərinə görə, hər üç şəxs Kiprə işləmək məqsədilə gedib və ölkəyə gəlişlərindən təxminən 15 gün keçib. Onların maddi imkanları məhdud ailələrdən olduğu və xaricə işləmək üçün ehtiyac səbəbindən getdikləri bildirilir.
Hazırda məsələ ilə bağlı araşdırma davam edir. Azərbaycan vətəndaşlarının hadisə zamanı göstərdiyi yardımın təsdiqlənməsi üçün mövcud video, foto və şahid ifadələrinin istintaq çərçivəsində nəzərə alınması gözlənilir.
Əli Şəyəldiyev
Azmedia.Az


