Mənzil bazarındakı bahalaşmanın səbəbi əmlakçılardır? - FOTO
Mingəçevirdə mənzil bazarında müşahidə olunan davamlı qiymət artımında peşəkar əmlakçıların rolu olduğu iddia olunur, bu doğrudurmu?
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, belə bir iddia hər iki, üç aydan bir şəhərdə mənzil və torpaqların satış qiymətlərində diqqət çəkən ciddi qiymət artımları ilə əlaqəli şəkildə ortaya atılıb. Məlumat üçün qeyd edək ki, təkcə son iki ay yarım və üç ay ərzində satış qiymətlərində 3-5 min manat civarında artım yaranıb. Bu arzuolunmaz dinamika reallığın göstəricisidir, yoxsa bəzilərinin iddia etdiyi kimi satış sahəsində aparıcı mövqelərə sahib olan əmlakçıların yaratdığı süni səbəblərdir? Bu suala aydınlıq gətirən gənc əmlakçı mütəxəssis İsmayıl Baxşəliyev iddiaların gerçəkliyi əks etdirmədiyini deyir. "Təsəvvür edin satmaq istəyən az, almaq istəyən çox, inşaat materiallarının satış qiymətləri davamlı yüksəlişlə diqqət çəkir, eləcə də tikinti işlərinə cəlb olunan işçi qüvvəsinin zəhmət haqları. Daima bu işin içində yer alan şəxs kimi tam əminliklə deyə bilərəm ki, qiymət artımında bir çox əmlak satan vətəndaşların özlərinin də qeyri-peşəkar yanaşması önəmli rol oynayır. Məlum olduğu kimi, əslində mənzillərin satışı onun köhnə və ya yeni tipli binada yerləşməsinə, mərtəbəsinə, təmir vəziyyətinə və digər özəlliklərinə uyğun olaraq peşakar meyarlarla qiymətləndirilərək satışa çıxarılır. Evini, ya torpağını satmaq arzusunda olan və satış bazarındakı yenilikləri sosial şəbəkədəki elanlardan izləyən bir çox şəxslər "mənim mənzilimin, ya torpağımın müəyyən qiymətə satışa çıxarılanlardan nəyi əksikdir" düşüncəsi ilə öz əmlakına süni baha qiymət təyin edir. Eyni zamanda bəzi təcrübəsiz və işə yeni başlayan əmlakçılar da bu doğru olmayan yanaşmanı dəstəkləyir və hər hansı qiymətləndirmə aparmadan yüksək qiymətlərlə alıcılara təklif edir ki, bu da alıcılar arasında qeyri-obyektiv fikirlərin formalaşmasına yol açır". İsmayıl Baxşəliyevin qənaətinə görə, Mingəçevirin mənzil bazarında davamlı qiymət artımına yol açan başlıca səbəb illərdir şəhərdə yeni yaşayış binalarının inşa olunmamasıdır. Bu səbəbdən də əmlak almaq istəyən çox olsa da, əmlakını satmaq istəyənlər azlıq təşkil edir və ya barmaqla sayılır.
O zaman məntiqli sual ortaya çıxır. Alıcı varkən, satışa çıxarılan az sayda mənzillər hazırda alıcılara hansı qiymətlərə təklif olunur. Əmlakçı İsmayıl Baxşəliyevin sözlərinə görə, "xruşovka" adlanan köhnə tipli binalardakı 1 otaqlı mənzillərin satış qiyməti binanın yerləşdiyi küçədən, mənzilin mərtəbəsindən və təmir səviyyəsindən asılı olaraq 45 min manatdan başlayaraq 57-60 min manat, 2 otaqlıların qiyməti 58-59 min manatdan başlayaraq 80 min manat civarında dolaşır, 3 otaqlı mənzillər isə bəzən 100 min manatdan yüksək qiymətlərə təklif olunur. "Leninqrad" tipli yeni binalarda isə bir otaqlılar üçün müvafiq olaraq satış qiymətləri minimum 53 min manat həddindən başlayıb 72 min manat səviyyəsinədək qalxır. İki otaqlılar 75-76 min manatdan 100 min manat həddinədək dəyişir, 3 otaqlı mənzillər isə alıcılara 90-130 min manat civarında dolaşan və bölgə üçün çox yüksək hesab edilən qiymətlərə təklif olunur. 4 otaqlıların satışında isə hətta 160 min manat təşkil etdiyi hallar qeydə alınır. Müşahidələrə əsasən alıcılar əsasən orta mərtəbədə yerləşən 2 otaqlı mənzillərə üstünlük verir. Birinci, beşinci və ondan yüksək mərtəbələr mingəçevirli alıcılar arasında elə də populyar deyil. Gənc əmlakçının sözlərinə görə, söylənənlər yaşamaq arzusunda olan sakinlərə aiddir. İşin digər tərəfinə nəzər saldıqa məlum olur ki, hazırda əmlakların alış veriş prosesində elə bəzi əmlakçıların özləri xüsusi fəallıq edir. Onlar hətta mərtəbəyə və küçəyə belə önəm vermədən mənzilləri alır və şəxsi əmlakı olaraq həm də turizm və tələbə şəhəri kimi tanınan Mingəçevirin kirayə bazarında tətbiq edərək şəxsi maraqlarını təmin edir. Bu baxımdan hazırda şəhərin kirayə bazarında hər hansı sıxıntı yaşanmır. O ki, qaldı həyət evləri ilə bağlı diqqət çəkən məqamlara, qeyd etmək lazımdır ki, şəhər mərkəzində və ətrafında satışa çıxarılan qiymətlər arasında böyük fərq mövcuddur. Məsələn, şəhərin mərkəzi hissələrində boş torpağın bir sotunun qiyməti 30 min manatdan başlayaraq Kür çayı sahilində 40 min manat həddinə yüksəlir. Şəhərin kənar küçələrində şosse ilə üzbəüz torpaq ərazisinin sotu 8 min, Bozdağın uzaq yamac hissəsində isə 2 min manata təklif olunur. Həyət evlərinin qiymətləri də bunlara müvafiq olaraq dəyişir. Hazırda Mingəçevirdə satışda olan ən bahalı həyətli ev alıcılara 550 min manata təklif olunur.
Ehtiram Muradov
Azmedia.Az


