Zəngilanın işğaldan azad edilməsindən altı il keçir
Bu gün Zəngilan şəhərinin və rayonun bir sıra kəndlərinin işğaldan azad edilməsinin altıncı ildönümüdür. Rayonun azadlığı ilə başlanan bərpa və məskunlaşma prosesi bu gün də davam edir.
Azmedia.Az xəbər verir ki, 2020-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciəti zamanı Zəngilan şəhərinin və rayonun daha altı kəndinin işğaldan azad olunduğunu elan edib. Həmin yaşayış məntəqələri Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Muğanlı kəndləridir.
Zəngilan istiqamətində aparılan döyüşlər İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən uğurlu Arazboyu əməliyyatlarından biri kimi tarixə düşüb.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 25-də və 2021-ci il iyunun 24-də imzaladığı müvafiq sərəncamlara uyğun olaraq, bir qrup hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib. Həmin hərbçilər rayonun işğaldan azad edilməsi uğrunda keçirilən döyüş əməliyyatlarında iştiraklarına, göstərdikləri şəxsi igidlik və şücaətə görə mükafatlandırılıblar.
Zəngilan azad edildikdən sonra rayonda minatəmizləmə tədbirləri ilə yanaşı, yenidənqurma və bərpa işləri də həyata keçirilməyə başlanılıb. Ərazidə infrastrukturun bərpası istiqamətində görülən işlər davam etdirilir və rayonun əvvəlki həyatına qayıdışı təmin olunur.
Məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdış prosesi də məhz Zəngilandan başlayıb. “Ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulan Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Sakinlərin doğma yurdlarına köçürülməsinə 2022-ci ilin iyul ayında başlanılıb və proses hazırda da davam edir.
Rayonda mühüm infrastruktur layihələrindən biri olan Zəngilan Beynəlxalq Hava Limanı da inşa edilib. Hava limanının açılış mərasimi 2022-ci il oktyabrın 20-də keçirilib və aeroporta beynəlxalq hava limanı statusu verilib.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi qeyd olunur.
Qeyd edək ki, Zəngilan rayonu Qarabağın cənubunda, İranla sərhəddə yerləşir. Rayonun ərazisi 707 kvadratkilometrdir. Əhalisinin sayı 45 min nəfər, 1993-cü ildə isə 39 min nəfər olub. Rayon Kiçik Qafqaz dağlarının cənub hissəsində, Arazboyu ərazidə yerləşir. Özünəməxsus təbiəti, sıldırım qayaları, laləli düzənlikləri, meşələri və kolluqları ilə seçilir.
Araz, Oxçuçay, Həkəri və Bəsitçay rayonun ərazisindən keçən əsas çaylardır. Bu çayların sularından ilboyu məişət və kənd təsərrüfatı ilə yanaşı, digər sahələrdə də istifadə olunub. Rayon ərazisi tikinti daşı, əhəng xammalı, qızıl, qara mərmər və digər faydalı qazıntılarla zəngindir.
Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. İşğal zamanı rayonun tərkibinə bir şəhər, beş qəsəbə və 79 kənd daxil idi. Ərazidə əkinçiliklə yanaşı, heyvandarlıq da inkişaf etmişdi. Lakin 27 il davam edən işğal nəticəsində rayonun təbii sərvətləri talan edilib, infrastrukturu dağıdılıb, yaşayış məntəqələri vandalizmə məruz qalıb. Evlər və tarixi abidələr dağıdılıb, ağaclar məhv edilib.


