Bu şəxslərin pensiya təminatı dəyişir
Diplomatik xidmət əməkdaşlarının sosial təminatı və əməkhaqqı sistemi ilə bağlı qanunvericilikdə dəyişiklik edilib.
Azmedia.Az xəbər verir ki, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan və III oxunuşda qəbul olunan “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinə əsasən, diplomatların dövlət məvacibinin tərkibi yenidən müəyyənləşdirilir.
Sənədə görə, dövlət məvacibi aylıq vəzifə maaşı, diplomatik rütbəyə görə əlavə ödəniş, təmsilçilik əlavəsi, eləcə də artıq iş vaxtına görə verilən vəsaitdən ibarət olacaq. Bununla yanaşı, əmək şəraitinin xüsusiyyətləri və iqlim amilləri nəzərə alınmaqla əlavə ödənişlərin tətbiqi də nəzərdə tutulur.
Dəyişikliklərə əsasən, diplomatik xidmət əməkdaşlarının maaş və əlavələri “Dövlət qulluğu haqqında” qanunun müvafiq tələblərinə uyğun hesablanacaq. Fəaliyyəti qiymətləndirilən vəzifələrdə çalışan əməkdaşların əməkhaqqısı müəyyən edilərkən onların diplomatik xidmət stajı və iş nəticələri də nəzərə alınacaq.
Layihədə diplomatik xidmətə qəbul proseduru yekunlaşana qədər müvəqqəti olaraq diplomatik vəzifə tutan şəxslərin maaşının həmin vəzifə üzrə ilk ödəniş pilləsinin 50 faizi həcmində müəyyənləşdirilməsi də əksini tapıb.
Qanunda pensiya yaşına çataraq diplomatik xidmətdən ayrılan əməkdaşlarla bağlı yeni müddəalar da yer alıb. Belə ki, diplomatik xidmət orqanının əməkdaşına son 24 ay və ya ardıcıl seçilən 60 ay üzrə hesablanan orta aylıq dövlət məvacibinin 6 misli qədər birdəfəlik ödəniş veriləcək.
Qeyd olunub ki, həmin vəsaitdən qanunvericiliklə nəzərdə tutulan vergi, məcburi dövlət sosial sığorta və digər icbari ödənişlər tutulacaq.//demokrat


