Mincivanın azadlığına aparan tarixi gündən 6 il keçir: Qəsəbənin işğal tarixçəsi

Mincivanın azadlığına aparan tarixi gündən 6 il keçir: Qəsəbənin işğal tarixçəsi

Bu gün Zəngilan rayonunun Mincivan qəsəbəsinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin altıncı ildönümüdür.

Azmedia.Az xəbər verir ki, Azərbaycanın qədim yaşayış məntəqələrindən biri olan Mincivan qəsəbəsi 2020-ci il oktyabrın 21-də işğaldan azad edilib.

Həmin gün Mincivanla yanaşı, Zəngilan rayonunun Babaylı, Üçüncü Ağalı, Sarıl, Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün və Baharlı kəndləri də işğaldan azad olunub. Həmçinin Cəbrayıl rayonunun Balyand, Papı, Tulus və Tinli kəndləri, Füzuli rayonunun isə Gecəgözlü, Aşağı Seyidəhmədli və Zərgər kəndləri düşmən işğalından qurtulub.

Mincivan qəsəbəsi Araz çayının sahilində, düzənlik ərazidə yerləşir. Qəsəbənin əsası 1795–1798-ci illərdə aclıq səbəbindən Cənubi Azərbaycanın Mincivan kəndindən gələn ailələrin burada məskunlaşması nəticəsində qoyulub. Yeni yaşayış məntəqəsi də həmin kəndin adını daşıyıb. XIX əsrdə Zəngəzur qəzasında Mincivan adlı iki kənd qeydə alınıb.

Qəsəbə 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğaldan əvvəl burada yaşayış binaları, məktəblər, kitabxanalar, uşaq bağçaları və dəmir yolu stansiyası fəaliyyət göstərib.

Birinci Qarabağ müharibəsindən sonra qəsəbədəki yaşayış binaları, məktəblər, kitabxanalar və uşaq bağçaları dağıdılıb, dəmir yolu isə sökülərək aparılıb. Dəmir yolu relslərinin bir hissəsi satılıb, digər hissəsindən isə tank əleyhinə istehkamların qurulmasında istifadə edilib.