Soyuqlar Gəlir: Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ
Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin digər bölgələrində qarşıdakı günlərdə yağıntılı hava şəraiti müşahidə olunacaq. Bəzi ərazilərdə leysan yağışları, dağlıq bölgələrdə qar, çaylarda isə sel təhlükəsi gözlənilir.
Azmedia.Az xəbər verir ki, noyabrın 30-dan dekabrın 2-si gündüz saatlarınadək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı proqnozlaşdırılır.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yarımadanın bəzi ərazilərində yağıntıların intensiv və leysan xarakterli olacağı, eyni zamanda şimşək çaxacağı ehtimal edilir.
Ölkənin rayonlarında isə noyabrın 29-u axşam saatlarından dekabrın 2-si axşamadək ayrı-ayrı fasilələrlə yağıntılı hava şəraiti gözlənilir. Bəzi ərazilərdə yağışın qısamüddətli intensiv xarakter alacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur.
Yağıntılar nəticəsində çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna edilmir.
Qeyri-sabit hava şəraiti ilə əlaqədar ölkə ərazisində havanın temperaturunun əvvəlki günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı düşəcəyi bildirilir.

