Mingəçevir su anbarının səviyyəsi artmaqda davam edir
Mingəçevir su anbarında suyun səviyyəsi yüksəlməkdə davam edir.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hazırda anbarda suyun səviyyəsi 81 metr 40 santimetr təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə səviyyə 40 santimetr yüksəlib. Belə ki, maksimal su tutumu həddi 83 metr olan Mingəçevir su anbarında səviyyə ötən il may ayının sonuna yaxın ilin maksimal 81 metr 12 santimetr həddinə çatmışdı. Həmin tarixdən etibarən isə səviyyədə enmə halı dinamik xarakter almağa başlamışdı. Hazırda isə gündəlik 2-3 santimetr olmaqla anbarda suyun səviyyəsi artmaqda davam edir. Səviyyənin artımına rəğmən anbardan Kür çayına buraxılan suyun həcmi son bir neçə ay ərzində qeydə alınan saniyədə 700 kubmetrdən 300 kubmetr həddinə endirilib. Mütəxəssislər hesab edir ki, anbarda diqqət çəkən su ehtiyatlarının artımı və əsas daşıyıcı mənbəyi olan Kür çayına axıntının həcminin azaldılması normal və məqsədyönlü xarakter daşıyır. Havaların tədricən istiləşməsi anbarda ehtiyatların bir az da bollaşmasını yaxşı mənada zəruri edir. Bölgənin su hövzəsinə aid çaylarda da axıntının miqdarı müşahidələrə əsasən gündəlik olaraq azalmağa meyillidir. Belə ki, hazırda Göyçayda su axını saniyədə 20-22 kubmetr, Türyançayda 10 kubmetr təşkil edir. Eyni proses Qanıx çayında da müşahidə olunur. Mənbəyini su anbarından götürən iri suvarma kanallarına gəlincə isə qeyd etmək lazımdır ki, burada dəyişikliklər əkin sahələrinin suvarılmasına olan ehtiyac meyarına görə müəyyən edilir. Məsələn, hazırda Qarabağ kanalına saniyədə 102 kubmetr su axıdılır, maksimal suötürmə qabiliyyəti 90 kubmetr olan Şirvan kanalına isə saniyədə 29,2 kubmetr təşkil edir. Şirvan kanalın axıntı göstəricində diqqət çəkən bu hədd hazırda kanal üçün aparılan yeni və daha müasir xəttinin çəkilişləri ilə əlaqədardır.
Ehtiram Muradov
Azmedia.Az


