12 yaşlı şagird özünü məktəb binasından atdı
Bakıda məktəbli qız ikinci mərtəbənin pəncərəsindən yıxılıb
Azmedia.Az xəbər verir ki, hadisə bu gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 94 nömrəli tam orta məktəbdə baş verib.
2014-cü il təvəllüdlü, məktəbin 7-ci sinif şagirdi M.N. tənəffüs zamanı ikinci mərtəbənin pəncərəsindən yıxılıb.
Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicə üçün Sabunçu Tibb Mərkəzinə aparılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Məktəb direktorunun sözlərinə əsasən, son bir ay ərzində şagird üçün məktəbə 3-4 dəfə təcili tibbi yardım çağırılıb. Həmçinin onun çantasında psixotrop dərmanlar aşkarlandığı qeyd olunur.
Məlumata görə, şagird rəfiqəsi ilə söhbət zamanı sentyabrın 10-15-i aralığında əmisi tərəfindən zorakılıq cəhdinə məruz qaldığını da bildirib.
Bakı Şəhər Təhsil İdarəsindən verilən açıqlamada bildirilib ki, hadisə ilə bağlı şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimləri ilə də söhbətlər aparılır.
Hadisənin bütün təfərrüatları aidiyyəti qurumlar tərəfindən araşdırılır.//qafqazinfo


