Psixoloqdan valideynlərə çağırış: Uşaqları tərbiyə adı ilə incitməyin- VİDEO
Psixoloq Nərmin Ağayeva uşaqlara qarşı şiddətin tərbiyə və davranış korreksiyası adı altında normallaşdırılmasının təhlükəli olduğunu bildirib.
Azmedia.Az xəbər verir ki, psixoloq Nərmin Ağayeva son dövrlərdə uşaqlara qarşı şiddət görüntülərinin yayılmasının ciddi narahatlıq doğurduğunu bildirib.
Psixoloq qeyd edib ki, ən təhlükəli məqam şiddətin tərbiyə və davranış korreksiyası adı altında normallaşdırılmasıdır.
Nərmin Ağayeva bu barədə fikirlərini bölüşərək bildirib:
“Mən psixoloq Nərmin Ağayeva olaraq bunu qəti şəkildə bildirirəm ki, uşağı qorxutmaqla tərbiyə etmək, alçaltmaqla davranışını düzəltmək, ağrı verməklə ona nəyisə öyrətmək olmaz.
Uşağın susması onun düzəldiyi demək deyil, bəzən bu, qorxunun nəticəsidir. Qorxu ilə əldə edilən itaəti sağlam davranış dəyişikliyi hesab etmək olmaz.
Davranış korreksiyası uşağı cəzalandırmaq deyil. Uşağın davranışının səbəbini anlamaq, düzgün sərhədlər müəyyənləşdirmək və alternativ davranış öyrətməkdir. Sərhəd qoymaq uşağa şiddət göstərmək demək deyil.
Şiddət uşağı susdura bilər, amma ona düzgün davranmağı qəti şəkildə öyrətmir. Qorxu itaət yarada bilər, amma heç vaxt etibar yaratmır.
Uşağa sevgi göstərmək onun hər istədiyini yerinə yetirmək də demək deyil. Bizim sevgi anlayışımız tamam fərqlidir. Sevgi göstər, həm də istədiyini yerinə yetir — bu, yanlış bir yanaşmadır.
Sevgi uşağın özünü təhlükəsiz hiss etməsi, şəxsiyyətinə hörmət olunması və öz səhvlərini qorxmadan düzəltməyi öyrənməsi deməkdir.
Uşaqları tərbiyə etmək adı ilə incitməyək, onları sındırmağa deyil, inkişaf etdirməyə çalışaq, əziz mütəxəssislər və valideynlər. Çünki şiddət heç vaxt sağlam tərbiyə metodu deyil”.
Əli Şəyəldiyev
Azmedia.Az


