Kərkük türkmənlərinin milli geyimləri Bakıda nümayiş olunur – Şemsettin Kuzeci təşəbbüsün necə yarandığını danışdı
Kərkük Mədəniyyət Mərkəzinin təsisçisi və sədri, şair və yazıçı Şemsettin Kuzeci Kərkük türkmənlərinin milli geyimlərinin Leyla Əhmədovanın Moda Mərkəzinə bağışlanması təşəbbüsünün yaranma səbəbləri, tədbirin əhəmiyyəti və Azərbaycanla İraq türkmənləri arasında gələcək mədəni əməkdaşlıq perspektivləri barədə danışıb.
Azmedia.Az xəbər verir ki, Şemsettin Kuzeci açıqlamasında milli geyimlərin hazırlanması məqsədindən, onların nümayiş etdirilməsi üçün məkan seçimindən və bu təşəbbüsün daşıdığı mənəvi məna barədə fikirlərini bölüşüb.
Tədbir və Kərkük türkmənlərinin milli geyimlərinin Leyla Əhmədovanın Moda Mərkəzinə bağışlanması təşəbbüsü necə yaranıb?
Əslində, bu tədbir əvvəlcədən planlaşdırılmamışdı. Lakin Kərkük türkmənlərinə məxsus milli geyimləri təxminən bir il əvvəl hazırlamışdıq. Məqsədimiz kişi geyimlərini cənab Prezident İlham Əliyevə, qadın geyimlərini isə Mehriban xanım Əliyevaya hədiyyə etmək idi.
Daha sonra bu geyimlərin harada nümayiş etdirilməsinin daha məqsədəuyğun olacağı barədə düşündük. Ətrafımıza nəzər saldıq. Heydər Əliyev Mərkəzi və digər muzeylər mövcuddur. Ancaq ən uyğun məkanın Leyla xanımın Moda Mərkəzi olduğu qənaətinə gəldik. Çünki bu məkan şəhərin mərkəzində yerləşir, turistlərin tez-tez ziyarət etdiyi və insanların diqqətini cəlb edən bir yerdir.
Daha sonra gördük ki, burada bir çox sənətkarın, hətta Leyla xanım Əliyevanın özünün də geyimləri nümayiş etdirilir. Beləliklə, həmin məkanın ən uyğun seçim olduğuna qərar verdik və milli geyimləri Leyla xanımın Moda Mərkəzinə bağışladıq. Bu gün isə onların açılışını həyata keçirdik.
Bu qədər gözəl insanların, mətbuat nümayəndələrinin və media təmsilçilərinin tədbirimizdə iştirak etməsi mərasimə xüsusi əhəmiyyət qatdı. Bu, bizim üçün çox mühüm hadisə idi.
Biz istədik ki, Kərkükü Azərbaycandan və Təbrizdən ayrı təsəvvür etməyək. Ümummilli Lider Heydər Əliyevin bir fikri var. Tarixi araşdırarkən gördüm ki, Şimali Azərbaycan, Cənubi Azərbaycan və İraq türkmənləri vahid bir bütövün parçalarıdır. Biz də həmin bütövlüyü tamamlamaq istədik. Çünki özümüz də o bütövün bir parçasıyıq. Arzuladıq ki, bir gün həmin parçaları bir araya gətirərək gözəl bir tablo yaradaq.
Kişi və qadın milli geyimlərinin burada nümayiş etdirilməsi ilə həmin mənzərəni gözəl şəkildə ortaya qoyduq.
İnşallah, bundan sonra Azərbaycanla İraq türkmənləri arasında ədəbi, mədəni və incəsənət əlaqələri yalnız bununla məhdudlaşmayacaq. Gələcəkdə folklorumuzu, milli geyimlərimizi, musiqi alətlərimizi, bayatılarımızı, manilərimizi, ənənələrimizi, hekayələrimizi və nağıllarımızı da əhatə edən birgə layihələr həyata keçirə bilərik.
Nəticə etibarilə, hamımız birik, vahid bir bütövük. Türk dünyasına doğru addımlarımızı birlikdə atırıq. Turana, Qızıl Almaya doğru irəliləyirik. Cənab Prezidentin də qeyd etdiyi kimi, artıq biz Türk dünyasının bir ailəsiyik. Biz də həmin ailənin kiçik bir nümayəndəsi olsaq belə, bununla fəxr edirik. İnşallah, o böyük ailənin formalaşmasına öz töhfəmizi verməyə çalışacağıq.
Əli Şəyəldiyev
Azmedia.Az



