Deputat Fazil Mustafadan Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı açıqlama: “Münasibətlər düzələcək, amma adamlar onsuz da düzəlməyəcək”

Deputat Fazil Mustafadan Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı açıqlama:

Milli Məclisin deputatı Fazil Mustafa Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saralın və AKP təmsilçisi Leyla Şahin Ustanın Azərbaycanla bağlı açıqlamalarına, Türkiyə-Azərbaycan münasibətlərində yaranan müzakirələrə, hicab məsələsinə və məktəbli geyimlərinə dair fikirlərini bölüşüb.

Azmedia.Az-a açıqlamasında deputat Fazil Mustafa  bu məsələlərə münasibət bildirərkən Türkiyə-Azərbaycan qardaşlığının qorunmasının vacibliyini vurğulayıb, tərəfləri baş verənlərə daha təmkinlə yanaşmağa çağırıb.

Fazil Mustafa: Türkiyə-Azərbaycan münasibətlərinin mahiyyətini anlamayan qruplar belə addımlar atır

Fazil Mustafa bildirib ki, baş verənlər təbii ki, təşkil olunmuş bir məsələdir. Onun sözlərinə görə, istər siyasi, istərsə də ictimai sektorda fəaliyyət göstərən Türkiyə-Azərbaycan münasibətlərinin mahiyyətini anlamayan qruplar bu cür addımlar atırlar və bu, yanlış yoldur.

Deputat qeyd edib ki, bütövlükdə bu məsələlərə daha təmkinlə yanaşılmalıdır:

“Bizim üçün ən böyük dəyər Türkiyə-Azərbaycan qardaşlığıdır. Bu kimi müəyyən düşüncədə olan insanların fəaliyyətinə görə münasibətlərin pozulmasına imkan vermək olmaz. Dəfələrlə tariximizdə belə müəyyən anlaşılmazlıqlar olub. Yəqin ki, bunlar ümumi danışıqlar və müzakirələrlə yoluna qoyulacaq. Bu münasibətləri korlamaq istəyən insanların bədniyyətləri qalacaq”.

Deputat Oqtay Saral və Leyla Şahin Ustanın açıqlamalarına münasibət bildirdi

Deputat Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saralın və AKP təmsilçisi Leyla Şahin Ustanın Azərbaycanla bağlı açıqlamalarına da münasibət bildirib.

Fazil Mustafa qeyd edib ki, bu kimi şəxslərin açıqlamalarına vəzifəli və ya səlahiyyətli şəxslərin haradansa tapşırıq alaraq verdikləri bəyanatlar kimi baxmaq lazımdır. Bununla yanaşı, o, məsələyə həmin şəxslərin düşüncə tərzi baxımından yanaşılmasının vacibliyini vurğulayıb:

“Amma onların zehniyyət məsələsinə baxılmalıdır. Bu, təriqətçi zehniyyətdir, məzhəbçi zehniyyətdir. Bunlar Quran və İslam üzərindən məsələyə baxmırlar. Baş örtüsünə də baxışlar belədir. Baş örtüsü bir çoxları üçün Türkiyədə ideoloji məsələdir. Bunlar inanc məsələsindən artıq çıxıbdır.

Halbuki inanca inanc məsələsi kimi baxan insanlar baş örtüsünü təqva kimi götürürlər. Daha çox insanın ədalət duyğusunun olması ilə əlaqələndirirlər. Yəni baş örtüsünə görünən baş örtüsü kimi çox da baxılmır.

Bu formaya aludəçilik İslamı əslində sıradan çıxaran, İslama zərər vuran əsas keyfiyyətlərdən biridir. Yəni görüntü üçün namaz qılırsan, amma mahiyyətcə ədalətli insan deyilsən. Amma Allaha inanan insandan istədiyi nə namaz qılmaqdır, nə də oruc tutmaqdır. Əsas istədiyi ədalətli insan olmaqdır.

Bu baxımdan da onların açıqlamaları, açığı, məhz Türkiyə mühitində xal qazanmaq üçün düşünülmüş açıqlamadır. Bu düşüncəni müdafiə edirlər.

Azərbaycanın spesifikası başqadır. Bu ölkədə dünyəvi dövlətin sütunları da tamamilə fərqli şəkildə qurulub. Dinə dövlət qarışmır, amma bütün hallarda dinin də dövlət müəssisələrində rolunu zərurət olduqda dövlət məhdudlaşdıra bilər”.

Fazil Mustafa Azərbaycan tərəfinin atdığı addımlardan danışdı

Deputat Azərbaycan tərəfinin bu məsələlərlə bağlı hansı addımları atmasına da toxunub.

O qeyd edib ki, Azərbaycan tərəfi məsələlərlə bağlı ümumi münasibətini bildirib, Yeni Azərbaycan Partiyası (YAP) və Milli Məclis səviyyəsində, eləcə də Türkiyə parlamentinin işçi qrupu çərçivəsində münasibət ifadə olunub. Fazil Mustafa bu cür yanaşmaların qınandığını, lakin məsələnin daha da dərinləşdirilməsinin düzgün olmadığını bildirib.

“Amma bunu da çox dərinləşdirmək lazım deyil. Çünki qarşıdakı həmsöhbətimiz Türkiyədir, qardaşımızdır, canımızdır, ürəyimizdir. Ona görə də biz bu məsələnin kəskin məcraya yönəlməsinə yol verməməliyik və hesab edirəm ki, bir az soyuqqanlı yanaşmalıyıq. Çünki ayrı-ayrı şəxslərin davranışlarını münasibətlərimizi zədələyəcək səviyyədə qiymətləndirmək doğru olmaz.

Münasibətlər düzələcək, amma adamlar onsuz da düzəlməyəcək”.

Deputat: Hicab məsələsi Türkiyə tərəfindən Azərbaycana rəsmi irad kimi bildirilə bilməz

Fazil Mustafa vurğulayıb ki, hicab məsələsi Türkiyə tərəfindən hər hansı formada Azərbaycana rəsmi irad kimi təqdim edilə bilməz.

“Bu elə bir məsələdir ki, burada hər bir ölkənin daxili siyasətində müəyyən məqamlar var və onlara bu formada müdaxilə etmək doğru deyil. Təbii ki, Azərbaycan tərəfi bununla bağlı müraciətlərdə təklif edib ki, bu addımı atanların əməlləri araşdırılsın. Yəqin ki, Türkiyə hökuməti də buna öz reaksiyasını verəcək.

Amma çalışmalıyıq ki, məsələni bu qədər kəskin istiqamətə yönəltməyək. Burada olan insanlar da anlamalıdırlar ki, öz ölkələrindəki bu kimi məsələlərə yanaşmanı bizim ölkəmizə tətbiq etmək doğru deyil.

Çünki Azərbaycan elə şərtlər altında öz təhlükəsizliyini qorumağa məcburdur ki, bunu müxtəlif formalarda anlatmaq o qədər də asan deyil. Bizdə sərhədlər bağlıdır. Bunun səbəblərini indi oturub izah edəndə özləri də qəbul edəcəklər ki, bu, zəruri addımdır. Çünki ölkənin təhlükəsizliyi üçün elə məqamlar var ki, bu addımlar atılmalıdır. Ona görə də məncə, bu çağırışlar səslənib və buna bir ölçü götürüləcək”.

Fazil Mustafa iki ölkə arasındakı ictimai münasibətlərə toxundu

Millət vəkili baş verənlərin iki ölkə arasındakı ictimai münasibətlərə xələl gətirməsi məsələsinə də münasibət bildirib.

O qeyd edib ki, baş verənlər Azərbaycan-Türkiyə münasibətlərinə zərər vurmamalıdır və Azərbaycanın da gözləntisi budur. Deputatın sözlərinə görə, Azərbaycan tərəfi bu cür hallara rəvac vermir.

“Çünki biz Türkiyədə hansısa hicabla bağlı və yaxud da hər hansı bir partiya ilə bağlı məsələyə münasibət bildirmirik. Türkiyədən bu məsələyə münasibət bildirilib. Onlar da, söylədiyim kimi, Türkiyə-Azərbaycan münasibətlərinin səviyyəsini və dəyərini bəlkə də anlamadan belə bir açıqlama veriblər.

Bu, müəyyən dərəcədə siyasi baxımdan naşılıq da ola bilər. Bəlkə də məqsədyönlü təxribatdır. Biz həmişəki kimi Türkiyə-Azərbaycan münasibətlərinin dəyərini qorumalıyıq və onu həmişəkindən də yüksək səviyyədə qardaşlıq telləri ilə əlaqələndirməliyik”.

Deputat məktəbli geyimləri ilə bağlı müzakirələrə də münasibət bildirdi

Fazil Mustafa məktəbli geyimlərinə qarşı çıxanların məsələsinə də fikir bildirib.

“Cəmiyyətdə müxtəlif mənafeyi olan insanlar var. Təbii ki, bu qərar birmənalı qarşılanmayacaqdı, bu da gözlənilən idi. Burada sadə bir izah var. Dövlət öz məktəbində bərabərliyi qorumaq istəyir, hər hansı dini ideologiyanın məktəbə daşınmasında maraqlı deyil. Burada təkcə İslam dininə deyil, bütün dinlərə münasibət ortaya qoyulur.

Ona görə də kənarda istənilən insanın hicabı ilə bağlı heç bir problem yoxdur. O, azaddır və sərbəst şəkildə hicab taxa bilər — özəl həyatında, məsciddə, küçədə, şəhərdə. Amma konkret olaraq orta məktəbdə müəyyən etik qaydalara və bərabərlik prinsipinə uyğun olmayan davranışlar varsa, dövlət onları düzəltməyə çalışır.

Bu, təkcə hicablılara şamil olunmur. Bir az dizi açıq, dizdən yuxarı və açıq-saçıq geyinən hər kəsə şamil olunur. Onlar da milli adət-ənənəmizə uyğun olaraq normal, mədəni və təhrikedici olmayan geyimlərə üstünlük verməlidirlər və onların qarşısında da belə bir tələb qoyulub.

Bu, təkcə hicabla bağlı tətbiq edilən məhdudiyyət kimi təbliğ olunmamalıdır. Bu, yanlışdır. Məqsədyönlü şəkildə belə təbliğat aparılır və bu məsələ bir neçə günə, yəqin ki, öz qaydasına düşəcək”.

Əli Şəyəldiyev

Azmedia.Az