Alman əsir Azərbaycan xalqına olan minnətdarlığını gündəliyində belə ifadə edib – Tarixi faktlar- FOTO
Mingəçevirin tikintisində iştirak etmiş minlərlə alman əsirin yaşantılarını əks etdirən tarixi gündəliyin tərcüməsi Azərbaycan-Almaniya dostluğunun möhkəmlənməsinə mühüm töhfə verə bilər. Alman əsir Villi Deşin qələmə aldığı xatirələrdə Azərbaycan xalqının əsirlərə göstərdiyi diqqət, qayğı və humanist münasibət xüsusi yer tutur.
Azmedia.Az xəbər verir ki, bu fikirləri saytımıza açıqlamasında Mingəçevir Dövlət Universitetinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, alman dili mütəxəssisi Namaz Manafov səsləndirib.
Qeyd edək ki, adıçəkilən kitab 1945-1950-ci illərdə əsir kimi Mingəçevirə gətirilərək Su Elektrik Stansiyasının tikintisinə cəlb olunmuş alman əsir Villi Deş tərəfindən qələmə alınıb. İkinci Dünya müharibəsindən sonra vətəninə qayıdan Villi Deş öz xatirələrini Almaniyada nəşr etdirib.
Ötən əsrin 90-cı illərində Mingəçevirə səfər edən Villi Deş “Düşərgə gündəliyi” kitabının bir nüsxəsini şəhər Tarix Muzeyinə hədiyyə edib. Muzey əməkdaşlarının da səmimi etirafına görə, ziyarətçilər həmin kitaba böyük maraq göstərsələr də, tərcüməsi olmadığı üçün gündəliyin məzmunu barədə onlara ətraflı məlumat vermək mümkün olmayıb.
İlk dəfə olaraq illər əvvəl bu işi alman dili mütəxəssisi, pedaqoq-alim Namaz Manafov həyata keçirməyə cəhd göstərib. O, kitabı oxuyub tərcümə etdikdən sonra muzey əməkdaşlarına və müəyyən mənada ictimaiyyətə gündəliyin məzmunu haqqında ətraflı məlumatlar çatdırmağa başlayıb.
Namaz Manafovun sözlərinə görə, müasir Mingəçevirin quruculuğuna cəlb olunmuş 10 mindən artıq alman əsirin ağrı-acısını, düşüncələrini və güzəranını əks etdirən kitab başdan-başa Azərbaycan xalqına sonsuz sevgi və hörmət motivləri əsasında qələmə alınıb.
Villi Deş gündəliyində həmin dövrdə yaşadıqlarını belə təsvir edir:
“Moskvanın Kursk vağzalında ac-susuz, yorğun-üzgün və xəstə halda yük vaqonlarına doldurulub yola salındıq. Yolda aclıq və xəstəlik əsirlərin bir çoxunun ölümünə yol açdı. Ukraynada bizə bildirildi ki, cənuba, Qafqaza, Azərbaycana gedirik. Bu xəbəri eşidər-eşitməz aclıq və xəstəliklər sanki unuduldu və aramızda sevinc, şadlıq duyğularına səbəb oldu. Hər kəs sevinirdi ki, bizi Azərbaycana, türklərin məmləkətinə aparırlar. Bakının Nasosnıy stansiyasına daxil olarkən düşüncələrimizdə haqlı olduğumuza əmin olduq. Neçə gün ac-susuz uzun yol sonrası ilk dəfə Azərbaycan torpağına ayaq basdıq. Bizi görən insanlar sanki öz doğmalarımız idi. Türklər bizə çörək atırdı, siqaret atırdı ki, götürüb istifadə edək”.
Namaz Manafov gündəlikdə bu məzmunda xalqımızın adına sevinc və qürur doğuran kifayət qədər məqamların yer aldığını bildirir. Qeyd olunur ki, əsirlər Su Elektrik Stansiyasının tikintisində və digər sahələrdə çalışdıqları müddətdə də yerli əhalinin davamlı diqqət və qayğısı ilə əhatə olunublar. Ən əsası, alman əsir gündəliyində ağır şərtlərə baxmayaraq sağ qalmasına görə Azərbaycan xalqına minnətdar olduğunu etiraf edir.
Namaz Manafov belə tarixi əsaslara və məzmuna malik dəyərli bir kitabın bu günədək Azərbaycan dili ilə yanaşı, müxtəlif xarici dillərə də tərcümə edilməməsindən təəssüfləndiyini bildirir.
“Bu kitab xalqımızın əsl dünyəvi insanlıq simasını bəşəriyyətə tanıtmaq üçün çox dəyərli mənbədir. Eyni zamanda, qədim və müasir tarixə malik Mingəçevir şəhərinin quruculuğunda alman əsir mütəxəssislərin yaxşı mənada hərtərəfli iştirakının bariz göstəricisidir. Bu gün müasir Mingəçevir 78 yaşını bayram edir. Xatirələr anılır, zəhməti olan insanların əməyi vəsf olunur. Əsrlər keçsə də, bu missiyada önəmli rolu olmuş alman əsirlərin fədakarlığı və zəhməti unudulmamalıdır”, – deyə Namaz Manafov söyləyib.
Qeyd edək ki, “Düşərgə gündəliyi” 1945–1950-ci illərdə Mingəçevirdə yaşamış alman əsirlərin həyatından bəhs edən bir salnamədir. Onların bir qismi Mingəçevirdə dünyasını dəyişib və şəhərdəki məşhur alman qəbiristanlığında dəfn olunub.
1950-ci ildə isə sağ qalan və vətənlərinə qayıtmaq istəyən əsirlər azad edilərək Almaniya Demokratik Respublikasına göndəriliblər. Bu zaman onların hər birinə yola düşməzdən əvvəl yeni kostyum və kiçik cib xərcliyi hədiyyə edilib. Bununla yanaşı, az sayda da olsa, Mingəçevirdə qalaraq ömrünün sonuna qədər burada yaşamaq istəyən şəxslər də olub.


